"Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir"
Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri reallaşdı. İki ölkə liderinin görüşü zamanı Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyəti və inkişaf perspektivləri, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işlər, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətlər müzakirə edilib.
Azərbaycanla Belarus arasında münasibətlərin dostluq məcrasında davam etməsinin Dağlıq Qarabağ probleminə hansı mümkün təsirləri ola bilər?
"Atlas" Araşdırmalar Mərkəzinin qənaətincə, siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya davam edir: "Birincisi, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur. "Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır" fikri prezidentlərin imzaladıqları birgə bəyanatda da yer aldı. Bu bənddə "ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı" cümləsinə xüsusi yer verildi.
Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Biz ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə yanaşı olmuşuq. İlham Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistan prezidentinin Azərbaycan əleyhinə yönəldilmiş siyasətinə mane olduğunu nəzərdə tutan fikirlər səsləndirib. Bir neçə dəfə bu cür toplantılarda Belarus və Qazaxıstan prezidentləri Ermənistan prezidentinin Azərbaycan əleyhinə təşəbbüslərinin qarşısını alıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan toplantısı da buna nümunədir. Belarus prezidenti həmin toplantıdan narazı qaldığını Ermənistan paytaxtında keçirilən birgə mətbuat konfransında açıq dedi, gündəmə çıxarılan mövzuların çiy olduğunu vurğuladı. Digər tərəfdən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin seçilməsinə imkan vermədi. Həmin baş katib Ermənistanın təmsilçisi olmalı idi.
Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan qarşıdurmasına praqmatik nöqteyi-nəzərdən yanaşır. Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir. Çünki Lukaşenko bilir ki, Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Bütün bu faktorlar Azərbaycan üçün məqbuldur və problemin həllinə töhfə verə biləcək addımlar sayıla bilər".
Məhəmmədəli QƏRİBLİ