Cari ilin başa çatmasına az müddət qalsa da, Qarabağ münaqişəsinin həllində hələ də istənilən irəliləyiş qeydə alınmır. Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problemin həlli uzanır və bu da məsələnin hərbi müstəvidə çözülməsi ehtimalını yüksəldir.
Çünki rəsmi Bakı bildirir ki, danışıqlarda irəliləyiş olmasa, aprel olayları yenidən təkrarlana bilər. Gələn ay ərzində isə münaqişə tərəflərinin bir araya gələcəyinə dair gözləntilər də özünü doğrultmur. Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da təsdiq edir və bildirir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil. O, hər iki tərəfin görüşə hazır olması ilə bağlı məsələyə belə cavab verib: "Görüş olanda xəbər veriləcək. Daha dəqiq desək, olarsa...".
Belə fikirlər səslənir ki, Ermənistan rəhbərliyi Rusiyadan aldığı son silah yardımından və birgə ordu qruplaşması yaradıldıqdan sonra yenidən sərt mövqe nümayiş etdirməyə çalışır. Amma elə əksər ermənilər açıq bildirir ki, İrəvanın Rusiyaya güvənməsi sadəlövhlükdən başqa bir şey deyil. Hətta "Aravot" qəzeti Rusiyanın Ermənistana yeni Qarabağ sürprizi hazırladığını bildirir. Qəzet qeyd edir ki, elə Rusiya və Ermənistanın vahid ordusunun yaradılması da Ermənistan üçün tələdir: "Vahid ordu sülh vaxtı Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı duracağı dəqiq açıqlanmır. Razılaşmada "Üçüncü dövlətə qarşı yönəlməyib" qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar irəli sürmək mümkündür". Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün sürpriz hazırlayır və bu sürprizdə Qarabağın ayrıca yeri var: "Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, Qarabağda hansısa hərbi toqquşma zamanı Rusiya Ermənistanı dəstəkləməyəcək. Ehtimal ki, Moskvanın bu layihəsi erməni ordusunun üzərində nəzarəti tamamilə ələ almağa hesablanıb. Həmçinin, mümkündür ki, Moskva Qarabağ münaqişəsi ətrafında hadisələrin müəyyən inkişafı halında rus sülhməramlılarının daxil olmasına yaşıl işıq yandırılmasına çalışır". Düzdür, Ermənistan müdafiə naziri Vigen Sarkisyanın sözlərinə görə, Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas yaradacaq. "Ermənistana hücum zamanı Gümrüdə yerləşən Rusiya hərbi bazası müdafiə işlərinə cəlb edilməlidir. Bunun üçün isə mütləq hüquqi əsas lazımdır. Hazırkı şəraitdə hüquqi əsas məhz bu müqavilədir". Lakin aydındır ki, Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazisində müharibə aparacaq. Bu da o deməkdir ki, vahid ordudan İrəvanın istifadəsi mümkün olmayacaq. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir. Sırf erməni ordusunun özü isə Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyil. Digər tərəfdən nəzərə alaq ki, Ermənistan daxilində orduda baş verənlərə etirazlar artır. Xüsusən də işləyən hər bir vətəndaşdan ordu üçün ayda 1000 dram tutulması narazılığı daha da artırır. Bu fonda Ermənistanda həlak olmuş hərbçilərin valideynləri etiraz aksiyası keçirib. Onlar Ermənistan hökumətinin orduya dəstək məqsədilə həyata keçirdiyi "1000 dram" kampaniyasına etirazlarını bildiriblər. Qeyd olunur ki, Dağlıq Qarabağda atəşkəs razılaşması əldə olunduqdan sonra ölmüş erməni hərbi qulluqçularının valideynləri Ermənistan hakimiyyətini, xüsusilə də Müdafiə Nazirliyini korrupsiyada, rüşvətxorluqda, komandirlərə pul verməyən əsgərləri işgəncə ilə qətlə yetirməkdə ittiham edib.
Həmin valideynlərdən biri Anahit Mkrtçyan deyib ki, hökumət "1000 dram" kampaniyasında toplanacaq pulları mənimsəyəcək və həmin vəsait kimlərinsə şəxsi maraqlarının təmin olunması üçün istifadə ediləcək: "Əvvəla, bu pulyığma məcburi olmamalıdır. İkincisi, deyirlər ki, guya bu, orduya kömək üçündür. Amma mən toplanan vəsaitin bu məqsədlə xərclənəcəyinə inanmıram. Həmin pullar mənimsəniləcək". Ölmüş əsgərin valideyni bildirib ki, Ermənistan ordusunda indi də aclıq, səfalət, qanunsuzluq hökm sürür: "Oğlum xidmət etdiyi dövrdə də, indi də əsgərlərə lazımı qədər qida vermirlər, onlar aclıqdan əziyyət çəkir. Geyimlər isə köhnə və yararsızdır. Oğlanları qulluq edən qonşularım daim övladlarına bağlamalar, alt paltarı, geyim, çəkmələr alıb göndərirlər. Bəs hanı orduya edilən köməklik?! İllərdir heç nə dəyişməyib, əsgərlərin yeməyi, geyimi oğurlanmaqda davam edir. Bu oğurluqlar əsgər ölümü ilə nəticələnən hadisələrə səbəb olur, bunu hamı bilir. Hətta bir dəfə nəzarət buraxılış məntəqəsində olarkən ət oğurluğunun şahidi oldum. Keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalifətə keçməsinə və onun müxalifət cəbhəsində qəbul olunacağına inanmıram. Aprel döyüşləri göstərdi ki, kim komandirdi, kim general. 104 erməni əsgəri öldü, ancaq ölkədə matəm elan olunmadı. Budur orduya münasibət".
Belə ordu ilə Azərbaycan qarşısında duruş gətirməyin mümkünsüzlüyü də açıq etiraf olunur.
Tahir TAĞIYEV