Böyük Britaniyanın üç ildir vətəndaş müharibəsinin davam etdiyi Suriya ilə bağlı gizli radikal planlarının detalları ortaya çıxıb. Baki-xeber.com xəbər verir ki, BBC televiziyasının bildirdiyinə görə, İngiltərə hökuməti iki il əvvəl 100 min nəfərlik suriyalı üsyançının silahlandırılması və hazırlanmasını nəzərdə tutan planı nəzərdən keçirib.
İlk növbədə yüz min suriyalı üsyançının təlimatlandırılmasını əsas götürən gizli layihəni Böyük Britaniyanın sabiq silahlı qüvvələr generalı David Riçard hazırlayıb.
Türkiyə və İordaniyadakı düşərgələrdə hərbi təlim
İngilis əsgərlərinin bölgəyə göndərilməyəcəyinə təminat verildiyi təklifdə, radikal olmayan müxaliflərin seçilərək Türkiyə və İordaniyadakı təlim düşərgələrində öyrədilməsi nəzərdə tutulub. Planda həmçinin Suriya müxalif güclərinin tam hazır olduqdan sonra Qərbdən və Körfəz ölkələrindən gələn təlimatlarla paytaxt Dəməşqə göndərilməsi nəzərdə tutulub.
Generalın planının bir il yaxın vaxt alacağı, ancaq bu prosesin alternativ bir Suriya hökuməti qurulması üçün uğurlu olacağı qeyd edilir.
Ya Əsədə qazanmaq imkanı vermək, ya da on minlərlə üsyançını silahlandırmaq
General, nəzərdən keçirilməsi üçün planı İngiltərə baş naziri David Kameronla yanaşı, müzakirə olunması üçün Milli Təhlükəsizlik Şurası, ABŞ rəsmilər və Vaşinqtonun müttəfiqlərinə də göndərib. Planın ayrıca ABŞ ordusunun başındakı general Martin Dempseyə də verildiyi bildirilir. Ancaq müzakirələrdən sonra generalın "toplamaq, silahlandırmaq, öyrətmək" kimi sözləri özündə ehtiva edən planı çox risqli olduğu üçün rədd edilib.
İngilis hökumətindəki qaynaqların bildirdiyinə görə, general Riçard Suriya probleminin qısa bir zamanda həlli üçün iki yol olduğunu bildirib. General hesab edib ki, Suriyada müharibəni dayandırmaq üçün Qərbin iki seçimi olub - ya heç bir şey etməmək və prezident Bəşər Əsədə üsyançıları məğlub edib qazanmaq imkanı vermək, ya da Suriya ordusu ilə qarşı-qarşıya gəlmək üçün on minlərlə üsyançını təlimatlandırmaq və silahlandırmaq. Ancaq generalın bu təklifi risqli hesab edilərək qəbul edilməyib.
Bir daha qeyd edək ki, «çox radikal» olduğu üçün qəbul edilməyən bu təklif iki il bundan öncə gündəmə gətirilib. Lakin keçən həftə ABŞ prezidenti Barak Obama suriyalı müxaliflərin təlimatlandırılması üçün ABŞ Konqresinə 500 milyon dollarlıq yardım paketi təqdim edib.
Qeyd edək ki, Suriyada üç ildir davam edən vətəndaş müharibəsi nəticəsində yüz minlərlə insan ölüb və milyonlarla insan ölkəni tərk etmək məcburiyyətində qalıb.