Rusiya və ABŞ arasında sürətlə dərinləşən Suriya böhranı Xəzər hövzəsində də ciddi problemlərə, hətta dənizin münaqişə ocağına çevrilməsinə gətirib çıxarmaq iqtidarındadır. Bunun əsas səbəblərindən biri odur ki, Kreml Suriya əməliyyatlarında Xəzərdən aktiv istifadə edir və Moskva ilə Vaşinqtonun artan gərgin münasibətləri müharibə həddinə keçərsə, Xəzərdəki Rusiya hərbi obyektləri də hədəf halına gələ bilər. ABŞ isə Rusiya ilə mümkün müharibəni aktiv şəkildə gözdən keçirir.
"The İndipendent" nəşri yazır ki, ümumiyyətlə, ABŞ-ın təkcə Rusiya yox, həm də Çinə qarşı müharibə etməsi tamamilə gözləniləndir və özü də bu savaş dəhşətli olacaq, çoxlu qurbanlarla nəticələnəcək. ABŞ ordusunun qərargah rəisi Mark Miller bildirib ki, genişmiqyaslı müharibə praktiki olaraq qaçılmazdır. General-mayor Uilyam Xiks isə qeyd edib ki, Çin və Rusiyanın hərbi sahədəki uğurları və yeni texnologiyalar yaratması Ağ Evi genişmiqyaslı müharibəyə hazırlaşmağa məcbur edir. ABŞ Silahlı Qüvvələri qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford da bildirib ki, Rusiya və Çinin sürətli inkişafı ABŞ-ın hökmranlığını itirməsinə gətirib çıxara bilər: "Biz bu günlərdə yeni Milli Hərbi Strategiya üzərində hazırlıq işini başa çatdırdıq. Bu, tezliklə imzalanacaq. Mən bunu ABŞ-ın müdafiə naziri Eşton Karterə təqdim etməliyəm. Qərargah rəisləri və mən bu sənədi tam yeni hazırlamışıq". Onun sözlərinə görə, hazırda ABŞ-ın təhlükəsizliyinə Rusiya, Çin, Şimali Koreya, İran və müxtəlif ekstremist və terrorçu qruplaşmalar tərəfindən təhdidlər var. İndiki durumda isə əsas problem qismində Suriya üzündən Rusiya ilə yaranan ziddiyyət göstərilir. ABŞ artıq Rusiya ilə Suriyaya dair müzakirələri dayandırıb, eləcə də Amerika Rusiya ilə hərbi əməkdaşlıq üzərində işləməyə hazırlaşan heyətini Cenevrədən geri çağırır. "The Washington Post" diplomatik mənbələrə istinadla yazır ki, artıq ABŞ rəsmiləri Suriya hökumətinə qarşı məhdud hərbi zərbələr məsələsini müzakirə edib. Amerika rəsmilərinin fikrincə, bu zərbələr Suriya diktatoru Bəşər Əsədin atəşkəsin pozulması məsələsinə münasibətini dəyişər, Hələb sakinlərinə qarşı cinayətlərinin qarşısını alar və rejimi danışıqlar masası arxasına keçməyə məcbur edər.
"The Washington Post" isə yazır ki, bəzi Amerika rəsmiləri Hələbdə əməliyyatların qarşısını almaqdan ötrü qanadlı raketlərdən və başqa uzaqmənzilli silahlardan istifadə etməyi məsləhət görür. Müzakirələrdə iştirak edən rəsmilərdən birinin "The Washington Post"a verdiyi məlumata görə, ötən danışıqlardan fərqli olaraq, Əsəd rejiminə zərbə vurmaq variantının tərəfdarları çoxalıb: "Mərkəzi Kəşfiyyat İdarəsi və Qərargah Rəisləri Komitəsi hesab edir ki, Hələbin yıxılması Amerikanın Suriyada terrorla mübarizə məqsədlərini sarsıdar". Hələlik isə ABŞ-ın hərbi əməliyyatlara başlamasının qarşısını yalnız Ağ Evin buna qarşı olması alır. "The Washington Post"un administrasiya rəsmilərindən aldığı bilgidə deyilir ki, Obama Suriyada hərbi əməliyyatlara meylli deyil. Dövlət katibi Con Kerri də Əsəd rejiminə təzyiqlərin artırılmasını istəsə də, hələ ki, diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir. Amma Obama administrasiyası artıq hakimiyyəti tərk etməyə hazırlaşır. Bu fonda ABŞ-ın Suriyaya zərbə endirməsini istəyənlərin sayı artır. Moskva bunu önləməkdən ötrü Suriyaya yeni texnika yeridir. Məsələn, məlumdur ki, Rusiya Suriyaya ən yeni S-300B4 zenit-raket kompleksini yerləşdirib. Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriya əməliyyatlarının bir ilinin tamamlanmasını şərh edərkən deyib ki, Kreml burada həm də ən yeni silahlarını sınaqdan çıxarır: "Uzun məsafəli yüksək dəqiqlikli silahlar və hərbi texnika Rusiya Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatlarında öz effektivliyini göstərdi". Onun sözlərinə görə, Rusiya ordusu vəziyyəti sabitləşdirməyi və Suriya ərazisinin əhəmiyyətli hissəsini döyüşçülərdən azad etməyi bacarıb: "Xəzər və Aralıq dənizlərinin akvatoriyalarındakı suüstü və sualtı gəmilərdən uzun məsafəli yüksək dəqiqlikli silahlarla zərbələr endirilib. Real döyüş vəziyyətində strateji aviasiya təyyarələri ilk dəfə 4,5 min kilometr uçuş məsafəsi olan X-101 yeni raketləri tətbiq etdi. Silahların bir çox müasir yerli nümunələri mürəkkəb səhra şərtlərində yoxlamadan keçdi və bütövlükdə öz etibarlılığını və effektivliyi göstərdi". Hesab edilir ki, bundan sonra da Kreml Xəzər və Aralıq dənizlərinin akvatoriyalarındakı hərbi bazalarından Suriya əməliyyatlarında geniş istifadə edəcək. Amma yuxarıda qeyd olunduğu kimi, ABŞ-la hərbi qarşıdurma halında Xəzər və Aralıq dənizlərinin akvatoriyalarındakı hərbi bazalar real hədəfə çevriləcək. Moskva isə, aydındır ki, buna sakit yanaşmayacaq.
Nahid SALAYEV