"Söhbət qloballaşan bir konfliktdən gedir"
"Bu gün qətiyyətlə demək olar ki, siyasi sahədə digər Xəzəryanı dövlətlərlə müqayisədə ən sabit diplomatik münasibətlər məhz Qazaxıstanla mövcuddur və Azərbaycan üçün həlledici, prioritet kəsb edən məsələlərdə rəsmi Astana rəsmi Bakı ilə həmişə həmrəylik nümayiş etdirib". Bu barədə energetika naziri Natiq Əliyev açıqlama verib.
Nazir bildirib ki, Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir, həm də Nursultan Nazarbayevin şəxsində ölkələr arasında uğurlu barışdırıcı missiyasını bu ağrılı problemin nizamlanmasında da sınaqdan keçirməkdə maraqlı görünür: "Yada salaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü zamanı irəli sürülən bu üzvlüyün Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməsi şərtinin müəllifi də məhz Nursultan Nazarbayevdir. Bu quruma üzv ölkələrin dövlət başçılarının 29 may 2014-cü il tarixində Moskvada keçirilmiş sammitində onun nümayiş etdirdiyi bu prinsipial mövqe Dağlıq Qarabağda istehsal olunan məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracının əngəllənməsi yolunda çox mühüm bir addım olub.
Bu mövqe bizə Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilən 13-cü iclasının protokoluna da belə bir müddəanın daxil edilməsinə imkan yaratmışdır. Həmin müddəada qeyd edilir ki, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində istənilən məhsulun satışı, ixracı və idxalına, eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətlə məşğul olmasına imkan verilməməsini Azərbaycan Qazaxıstandan xahiş edir".
Qeyd edək ki, Nursultan Nazarbayevin adı Türkiyə ilə Rusiya arasındakı münasibətlərin normallaşmasında da mühüm faktorlardan biri kimi çəkilir. Rəsmi Astana dəfələrlə Dağlıq Qarabağ problemilə bağlı prinsipial mövqe sərgiləyib. Bu mövzu ilə də bağlı Qazaxıstan vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib.
Nazarbayevin vasitəçiliyi problemin həllinə töhfə verə bilərmi?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Nazarbayevin bu məsələdə vasitəçilik etməsi konkret və tez nəticəyə səbəb olmaz: "Bu məsələyə Türkiyə ilə Rusiya arasında yaşanan soyuqluq kontekstindən baxmaq lazım deyil. Çünki orada ölkələr arasında inciklik vardı. Hansısa avtoritet fiqur bu məsələni yoluna qoya bilərdi. Bilirsiniz ki, iki dövlətin barışmasında İlham Əliyevlə yanaşı, Nazarbayevin də xidmətindən danışılırdı. Dağlıq Qarabağ konfliktinin həlli üçün avtoritet fiqur bəs etmir. Çünki söhbət qloballaşan bir konfliktdən gedir. Bu, küsülü barışdırmaqla eyniləşə bilməz. Ortada işğal olunmuş ərazilər var, münaqişə nəticəsində 10 minlərlə insan dünyasını dəyişib. Ancaq biz Nazarbayevin timsalında Qazaxıstanın Dağlıq Qarabağla bağlı sərgilədiyi mövqeyi alqışlamalıyıq. Nazarbayevin addımlarından görünür ki, o, türk təəssübkeşliyini kənara qoymur. Təbiidir ki, bu, ermənilərin xoşuna gəlmir və onlar məhz bu faktora görə Nazarbayevin missiyasına müsbət yanaşmaz.
Qazaxıstan prezidenti N.Nazarbayev Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ankaraya səfəri zamanı da FETÖ mövzusunda digər Orta Asiya ölkələrindən fərqli münasibət sərgilədi və birmənalı olaraq, qanuni hakimiyyətlə birlikdə olduğunu ifadə etdi".
Məhəmmədəli QƏRİBLİ