"Ölkələrinin iqtisadi vəziyyəti buna imkan vermir"
Ermənistanın baş naziri Ovik Abramyan 8 sentyabrda istefaya getdi. Bu istefanın səbəbi ölkənin son 25 ildə qarşılaşdığı və artıq sümükləşdiyi iqtisadi, sosial problemlərin Abramyanın da həll edə bilməməsi və son zamanlarda ölkədə cərəyan edən siyasi hadisələrlə bağlı idi.
Ermənistanda son 25 ildə 13 baş nazir dəyib. Baş nazirlər ortalama 1.9 il hakimiyyətdə qalıb. Ən az müddətdə baş nazir Vazgen Manukyan (1 sentyabr 1990-30 yanvar 1991, beş ay), ən çox müddətdə baş nazir isə Andranik Marqaryan (12 may 2000-25 mart 2007, yeddi il) olub.
Məlum olduğu kimi, Ermənistanda enerji sahəsindən tanınmış Karen Karapetyan baş nazir təyin olunub. O bir sıra islahatlar aparacağına söz versə də, hələ ki, ortada konkret nəticə yoxdur. Yeni təyin olunmuş baş nazir son çıxışlarından birində deyib ki, Ermənistanda əhalilə məmurların təmasını maksimum azaltmaq, vətəndaşların problemini məmurların tez dinləməsi üçün effektiv bir mexanizmə ehtiyac var. Yəqin ki, Karapetyan sadaladığı amilləri Azərbaycanın "ASAN xidmət" modelində görüb və bu layihənin Ermənistanda da tətbiqini arzulayır. Bu mümkündürmü?
Ekspert Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, yeni baş nazir Ermənistana yeni siyasət lazım olduğunu bəyan edib: "Hətta bəzi təkliflər də irəli sürüb. 53 yaşlı Karapetyan, "ArmRosQazprom" təbii qazpaylama şirkətinin rəhbəri və 2010-2011-ci illərdə İrəvanın meri olub. Ermənistan hakimiyyətilə sıx təmasda olub.
Baş nazir təyin edilənədək isə o, Rusiyanın "Qazprom" şirkətinin "Mejregionqaz" birliyinin direktor müavini kimi çalışıb. Ola bilər ki, bu göstəricilər yeni baş nazir barəsində islahata meylli şəxs imicini yaratsın. Ancaq bunu etmək asan məsələ deyil. Çünki Ermənistanın son 25 ildə, iddia edildiyi kimi, güclü dövlət olmadığı, ordu quruculuğunda ciddi problemlərin, siyasi və iqtisadi həyatın bütün sahələrində rüşvətin və korrupsiyanın yüksək səviyyədə olduğu, xalq və hökumət arasında dərin uçurum gerçəkliyi ortaya çıxdı.
Ermənistan son 25 ildə yanlış iqtisadi, sosial, xarici və təhlükəsizlik siyasəti həyata keçirdiyi reallığı ilə qarşı-qarşıya qaldı. Sarkisyan iqtidarı bu böhrandan minimum itkilərlə çıxmağa çalışsa da, ciddi yaralar aldı və yaşanması ehtimal edilən başqa siyasi böhranın qarşısının alınmasında nə qədər çətin vəziyyətə düşəcəyi ehtimalı artdı.
Karapetyanın iş təcrübəsinə diqqət edərkən, birillik İrəvan meri işləməsindən başqa, dövlət idarəçilik mexanizmində ciddi təcrübəsi olmadığını müşahidə etmək mümkündür. Beynəlxalq şirkətlərdə təcrübəsinin olmasına baxmayaraq, böyük bir ehtimalla, Karapetyan hakimiyyət kulislərində nələrin baş verdiyindən, siyasi mübarizənin dinamikliyindən o qədər də məlumatlı deyil.
Bəzi Ermənistan mətbu orqanları Karapetyanı "dəyişikliklərin simvolu" və hakimiyyət daxilində "konsensusun simvolu" kimi görsə də, bəziləri Rusiyanın adamı kimi xarakterizə edir. Ola bilər ki, dünyanın çox nadir ölkələrində olan "ASAN xidmət" modelini Karapetyan bəyənsin, ancaq bunu tətbiq etməyə Ermənistanın gücü çatmaz. Ölkələrinin iqtisadi vəziyyəti buna imkan vermir".
Məhəmmədəli QƏRİBLİ