Qabil Hüseynli: "Dağlıq Qarabağla bağlı irəliləyişi başqa formatlarda axtarmaq lazımdır"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 14-də İrəvanda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunması mümkündür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. O, toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair ayrıca görüşün keçirilməyəcəyini, münaqişənin nizamlanması yollarının toplantı çərçivəsində müzakirəsinin mümkün olduğunu söyləyib.
Bu görüşdən konkret nəticə gözləmək olarmı?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, KTMT-yə üz ölkələrin İrəvan toplantısından Dağlıq Qarabağla bağlı ciddi irəliləyiş gözləməyə dəyməz: "Belə bir müzakirənin aparılacağı ilə bağlı anonsu Rusiya rəsmiləri verib. Ancaq qeyd ediblər ki, bununla bağlı məxsusi görüşün keçiriləcəyi gözlənilmir. Bu təqdimatın özündən aydın olur ki, konkret nəticə gözləməyə dəyməz. Çünki bu cür qlobal problemlərin həlli xüsusi təşkil edilmiş görüşdə mümkün ola bilər. Deməli, formal bir müzakirə olacaq. Bir də bildirmək istəyirəm ki, deyilən format Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün hansısa mandata sahib deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra ciddi mexanizmlər fəaliyyət göstərir. Onlar bir nəticə əldə edə bilmirsə, KTMT nə edə bilər? Əksinə, hesab edirəm ki, KTMT Ermənistana havadar duran bir qurumdur. Onların dəstəyi Ermənistanı daha da möhkəmləndirir. Dağlıq Qarabağla bağlı irəliləyişi başqa formatlarda axtarmaq lazımdır".
Məhəmmədəli QƏRİBLİ