"Yayda və ya payızda Qarabağ razılaşması əldə edilməli, ilin sonunda məcburi köçkünlər evlərinə dönməli idilər"
"Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dövlətçiliyin gücləndirilməsi üçün güclü ordunun yaradılması idi". "Trend"in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dünən "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.
S.Markov qeyd edib ki, Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlib. Rusiyalı ekspert deyib ki, Azərbaycan ordusunun gücü aprel döyüşlərində bir daha göründü.
S.Markov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və ərazi bütövlüyünün təmin edilməsidir.
Rusiyalı ekspert həmçinin deyib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin əldə olunması perspektivini vəd edən Kazan prinsipi yaradıldı, lakin təəssüflər olsun ki, bu il bunu reallaşdırmaq mümkün olmadı.
Rusiyanın Ermənistana "İsgəndər" raketi satmasına münasibət bildirən Markov deyib ki, Rusiya həm Azərbaycanla, həm də digər ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycana silah satanda ermənilər narazılıq edir.
S. Markov xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: "Biz Azərbaycanı da bu təşkilatla yaxından əməkdaşlıq etməyə dəvət edirik. Rusiyada güclü erməni lobbisi var. Biz silah satmasaq, ABŞ satacaq, bu halda Azərbaycan və Ermənistan da itirəcək, çünki eyni silahları iki dəfə baha almalı olacaq. Rusiyanın əsas məqsədi kompromislərə nail olmaqdır. İkitərəfli güzəştlər olmalıdır. Hazırda bunun üçün yaxşı imkanlar var. Kazan formulu əsasında Qarabağ münaqişəsi həll edilə bilər. Ermənistan Qarabağ ətrafındakı rayonları azad etməlidir, Azərbaycan və Türkiyə isə Ermənistanın və Dağlıq Qarabağın blokadasını aradan qaldırmalıdır. Kazan prinsiplərinə əsasən 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu lazımdır. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, istənilən vaxt yenidən alovlana bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq".
"Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilər. Lakin alınmadı" - deyə Markov bildirib (APA).
"Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. Axı onlar ətraf rayonları Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qarşılığında qaytarmağı düşünürlər. Ermənistan rəhbərliyinin zəifliyi və bu kompromisə getməməsi bu danışıqları dayandırıb. İndi biz düşünməliyik və yol tapmalıyıq ki, yenidən danışıqlara necə başlayaq. Yoxsa hansısa hərbi toqquşma baş verə bilər. Danışıqlarda heç bir irəliləyiş olmasa, təəssüf ki, hərbi qarşıdurma yenidən gündəmə gələ bilər", - deyə o vurğulayıb.
S.Markov qeyd edib ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək. "İstəyirik ki, Azərbaycan və Ermənistan öz müdafiəsindən əmin olsun, eyni zamanda hesab edirik ki, mütləq kompromisə getmək lazımdır. Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq olmaz".
Onun sözlərinə görə, Tərtər su anbarı Azərbaycana qarşı istifadə olunan ən yeni ekoloji silahdır. Bu mövzuya az diqqət yetirildiyini bildirən politoloq qeyd edib ki, bu məsələ qaldırılmalı və həll olunmalıdır.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Markovun açıqladığı "Kazan planı"nın çox maraqlı olduğunu bildirdi: "İndiyə qədər bu planın bəzi detalları bizlərə bəlli idi. Cənab Markov onu bir az sistemli təqdim etdi. Şübhəsiz ki, planın tam məzmununu açıqlamayıb, hələ açılmayan məqamlar var. Ancaq açıqlamalarda bəzi ziddiyyətlər var. Məsələn, açıqlamadan məlum olmur ki, Sarkisyan öz xalqını bu plana inandıra bilmədi, ya inandırmaq istəmədi. Bunlar prinsipial, fərqli şeylərdir. Ancaq bunlara baxmayaraq, Rusiyanın planı hər zaman reallaşmaq gücünə malikdir".
Namiq QULİYEV