"Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərə bilər". Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Ali Resul Usul Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda müzakirələr zamanı söyləyib.
Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə toxunan A.R.Usul bildirib ki, Rusiya təyyarəsi vurulandan sonra belə Rusiya və Türkiyə arasında diplomatik əlaqələr dayandırılmadı: "Türkiyənin Rusiyadakı, Rusiyanın Türkiyədəki səfirləri geri çağırılmadı. Rusiyanın Türkiyəyə, Türkiyənin Rusiyaya ehtiyacı var".
O qeyd edib ki, Rusiya və Türkiyə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olduğu sirr deyil: "Məsələn, Suriya, Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var".
Mərkəz direktoru onu da deyib ki, Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib. Ə. Usul Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı aparılan danışıqlara da münasibət bildirib. O qeyd edib ki, ABŞ-ın bu məsələdə mövqeyi başa düşülən deyil: "Hesab edin ki, ABŞ-da bir terror təşkilatı var və bu təşkilatın lideri Türkiyədə yaşayır. Sizcə belə bir şey mümkündür?! Ona görə də bu məsələdə ABŞ-ın mövqeyi başa düşülən deyil. ABŞ tez bir zamanda terror təşkilatının liderini Türkiyəyə təhvil verməlidir. Biz bunu gözləyirik. Gec-tez bu olacaq. Çünki ABŞ-ın başqa çıxış yolu yoxdur".