"Yunanıstan rəsmilərinin verdiyi açıqlamadan görünür ki, əməllərində israrlıdırlar"
SOCAR Yunanıstanın DESFA qaz operatoru ilə bağlı sövdələşmədə öz maraqlarını qorumağa çalışır. Bunu jurnalistlərə Rövnəq Abdullayev deyib. O bildirib: "Biz tenderdə qalib gəlmişik və sövdələşmədən (DESFA ilə) imtina etməyə hazırlaşmırıq. Hələ məhkəmə haqqında söhbət getmir, lakin sonadək maraqlarımızı qoruyacağıq. Əvvəlcədən danışılmış qaydalar pozulub. Hazırda Yunanıstan hökumətindən əsaslandırma gözləyirik. Yeni qaydalara əsasən, DESFA-nın dəyəri iki dəfə ucuz olmalıdır, buna görə də Yunanıstan hökuməti ilə danışıqlar aparırıq".
SOCAR-ın prezidenti R.Abdullayevin yeni bazar şərtləri daxilində DESFA-nın dəyərinin iki dəfə azaldılmasına dair fikirlərinə münasibət bildirən Yunanıstanın Energetika Nazirliyi bu qazpaylayıcı şirkətin gəlirlərinin azalmasına təsir göstərən yeni qaz tarifləri ilə bağlı da izahat verib:
"Yunanıstanda tənzimləyicinin tariflərində dəyişiklik qaz istehlakının qiymətləndirilməsinə əsasən formalaşır. Aydındır ki, Azərbaycan tərəfi ancaq maliyyə tərəfinə əhəmiyyət verir, halbuki, ölkədə qaz istehlakının səviyyəsinin düşməsini nəzərə almır".
İzahatda o da qeyd olunub ki, hətta SOCAR belə DESFA-nın gələcək səhmdarı kimi Yunanıstanın qaz tənzimləmə operatorunun tariflərinə müdaxilə edə bilməz.
Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərindən imtina etmək fikrində olmadığını, ancaq aktivlərin qiymətinin iki dəfə ucuzlaşdırılmasını daha real hesab edir.
DESFA ilə bağlı R.Abdullayevin səsləndirdiyi fikirlərdən hansı nəticəni hasil etmək olar?
İqtisadçı Mahir Mirzəli qəzetimizə açıqlamasında bildirdi ki, DESFA-nın bu məsələdə açıq saxtakarlıq etdiyi ortadadır: "Düşünülmüş şəkildə qiyməti qaldırırlar. Bilirlər ki, Azərbaycanın SOCAR adlı brendi həmin tenderin qalibi olub. Bu cür addımları ilə düşünürlər ki, əlavə pul qazana bilərlər. Ancaq R.Abdullayev əminliklə deyir ki, qiymət şişirdilib. Yunanıstan rəsmilərinin verdiyi açıqlamadan görünür ki, əməllərində israrlıdırlar. Yəqin ki, mübahisəni məhkəmə həll edəcək. DESFA Yunanıstanın milli qazpaylayıcı sisteminin operatorudur. Bu şirkət Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu DESFA qazpaylayıcı şirkətinin 66 %-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Hellenic Petroleum SA" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.
SOCAR DESFA-nın səhmlərinin 31 %-ni Yunanıstan hökumətindən, 35 %-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17 %-ni üçüncü tərəfə satmağını təklif edir.
Üçüncü tərəfə satılması təklif olunan səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir. Ziddiyyətin kökündə bu məqam durur".
Məhəmmədəli QƏRİBLİ