Ermənistanın paytaxtı İrəvanda yüz əlli nəfərə yaxın fəal elektrik enerjisinin qiymətini yenidən nəzərdən keçirən İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyanın (İXNK) binası önündə piket keçirib. Etiraz aksiyasını təşkil edən "Elektrik enerjisinin bahalaşmasına yol verməyək” şüarlı ictimai təşəbbüs üzvləri tariflərin qaldırılmasını əsassız hesab edir və arqumentlərini təqdim etmək üçün öz nümayəndələrinin komissiyanın iclasında iştirak etməsini tələb edib.
Komissiyanın binasını əhatəyə almış polislə danışıqlar nəticəsində fəalların 10 nümayəndəsinin iclasa ezam edilməsi razılığına gəlinib. Lakin daha sonra Komissiyanın rəsmi nümayəndəsi zalda yalnız iki nəfər üçün yer olduğunu bəyan edib. Bundan sonra nümayişçilər İXNK binası yerləşən küçədə nəqliyyatın hərəkətini bağlayıblar.
İclasda elektrik enerjisi tariflərinin artırılmasını əsassız hesab edən müxalif İrs, Erməni Milli Konqresi, Daşnaksutyun və Firavan Ermənistan partiyalarının parlament nümayəndələri də iştirak edib. Lakin iclasdan çıxan müxalifət nümayəndələri öz tələblərinin Komissiya tərəfindən nəzərə alınmadığını bəyan edib və mübarizəni davam etdirmək üçün gələcək birgə addımlarını müzakirə etməyə hazırlaşdıqlarını qeyd ediblər.
İctimai təşəbbüs üzvləri "daha geniş kütlələrin mübarizəyə cəlb olunması” və "siyasi itaətsizlik kimi qəti tədbirlər” təşkil etmək planını hazırlamaq üçün bu gün açıq müzakirələr təşkil edəcəklərini bəyan ediblər.