Rusiya xəbərdarlıq edib ki, Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamasının Kiyev üçün «ciddi nəticələri» olacaq. Putinin sözçüsü Dmitri Peskov deyib ki, «Rusiya özünün iqtisadiyyatı üçün neqativ nəticələr üzə çıxan kimi AB-Ukrayna sazişinə reaksiya verəcək».
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə deyib ki, sənədin imzalanması hər bir ölkənin suveren hüququ olsa da, bunun, heç şübhəsiz, Moldova və Ukrayna üçün ciddi nəticələri olacaq.
Şərhçilər bildirirlər ki, bu reaksiya ilə Moskva Şərqi Ukraynada və Moldovadakı etnik münaqişələri yenidən alovlandıracağına işarə vurub. Bundan əvvəl Vladimir Putin demişdi ki, Gürcüstanın buna bənzər hərəkətləri həmin ölkənin öz ərazilərini itirməsi ilə nəticələnib.
Bəzi məlumatlara görə, artıq Moldovanın separatçı Dnestryanı regionuna bitişik ərazilərdə Rusiyayönümlü separatçıların hərəkətliliyi qeydə alınıb.
Xatırladaq ki, Avropa Birliyi ilə imzalanmış sazişlər Ukrayna, Gürcüstan və Moldovada AB standartlarına cavab verən bizneslərin məhdudiyyətsiz fəaliyyətinə yol açır. Saziş, həmçinin, Avropa mallarının Ukrayna, Gürcüstan və Moldovada daha asanlıqla və daha ucuz satışına imkan yaradacaq. «Forbes» jurnalı yazır ki, uzun zamandır gözlənilən Avropa Birliyilə ortaqlıq müqaviləsinin imzalanması, hələ Ukraynanın Avropa yoluna girdiyi mənasını vermir. Bu müqavilənin Ukraynanın iqtisadi, sosial və siyasi problemlərini həll edə bilməyəcəyini ifadə edən jurnalist Mark Adomanis, müqavilədə qeyd edilən bir çox şərtin Ukraynada həyata keçirilməsinin çətin olacağını qeyd edir: «Ukrayna üçün mübarizənin yeni başlayır».
Bundan bir qədər əvvəl Vladimir Putinin müşavirlərindən Sergey Qlazyev Ukrayna prezidenti Poroşenkonu «faşist» adlandırmış və xəbərdarlıq etmişdi ki, «Bu saziş imzalandıqdan sonra Avropa ictimaiyyəti avrobürokratların və bəzi siyasilərin dünyaya gətirdikləri bu faşist Frankensteinin Avropa ölkələrinin qapılarını döydüyünü görəcək».
Bu bəyanatdan sonra cənab Peskov Qlyazevin dediklərinin Kremlin rəsmi mövqeyi olmadığını bildirib.
Bu arada Rusiya bildirib ki, Şərqi Ukraynada davam edən münaqişədən qaçan 90 min Ukrayna vətəndaşını qaçqın kimi qeydiyyata alıb.