İran prezidenti Həsən Ruhanı Tehranın İraq hakimiyyətinə sünni ekstremistlərlə mübarizədə yardım göstərməyə hazır olduğunu bəyan edib. Eyni zamanda o, İranın İraq hökumət ordusunun köməyinə qoşun göndərdiyi haqda məlumatları təkzib edib.
Qeyd edək ki keçdiyimiz həftə "İraq Şam İslam Dövləti” (İSİD) qruplaşmasının silahlıları Mosul şəhərini ələ keçirib, sonra isə keçmiş ölkə prezidenti Səddam Hüseynin doğma şəhəri Tikriti də tutublar. Onlar İraqda əksəriyyət təşkil edən şiələri kafir sayırlar. İranın İraqda sünnilərə arxalanan Səddam Hüseyn devrildikdən sonra hakimiyyət başına gəlmiş əksərən şiə rəhbərliyi ilə sıx əlaqələri var.
Baki-xeber.com BBC-yə istinadən bildirir ki,İran prezidenti İraq hökuməti yardım üçün müraciət etsə, İraq terrorçuluğa qarşı mübarizədə onlara yardım edə biləcəklərini deyib. "Lakin İran silahlı qüvvələrinin iştirak etməsi müzakirə olunmayıb. Yardım göstərmək və döyüş əməliyyatlarında iştirak etmək başqa- başqa şeylərdir”, - o əlavə edib.
BBC müxbirinin sualına cavab olaraq o deyib ki, İraq hökuməti hələ hərbi yardım üçün müraciət etmməyib. Prezident Ruhani İSİD-lə mübarizədə ABŞ-la əməkdaşlığın mümkünlüyünü də istisna etməyib. "Biz bu barədə fikirləşə bilərik, görsək ki, Amerika İraqda və başqa yerlərdə terrorçu qruplaşmalarla mübarizəyə başlayıb”, - o deyib.
Onu da qeyd edək ki, anonim mənbələrə istinadən «Wall Street Journal» və «CNN» İranın artıq öz İnqilabi Qvardiyasının bir neçə bölməsini İraqa göndərdiyini bildirir. İran nümayəndələri isə bu məlumatı inkar edirlər.
İraq şiələrinin Böyük Ayətullası Əli Sistani da dünən şiələri sünni yaraqlılarla silahlı mübarizəyə çağırıb. Artıq Bağdadın müdafiəsində minlərlə şiə könüllülərin, lazım gələrsə, həlledici rol oynaya bilən şiə silahlı qruplaşmalarına birləşdiyi haqqında məlumatlar alınır.
İSİD Amerikanın İraqa müdaxiləsi illərində yaranmış radikal islamçı qruplaşmadır. Bir çox başqa cihadçı təşkilatlar kimi İSİD də Suriyada Bəşər Əsədin rejiminə qarşı silahlı mübarizədə iştirak edir. Ancaq bəzi mənbələr eləcə də Suriya müxalifəti İSİD-in Suriyada Əsədlə birgə hərəkət etdiyini bildirirlər.
Hərəkata Əbu Bəkr əl-Bağdadi başçılıq edir.