Mosul və Tikriti ələ keçirən "İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı sürətlə İraqın paytaxtı Bağdada doğru irəliləyir. Baki-xeber.com xəbər verir ki, Diyala əyalətinin Bakuba şəhəri yaxınlığında İraq ordusu ilə İŞİD arasındakı qarşıdurmalar daha da şiddətlənib. Bu şəhər paytaxt Bağdaddan 50 kilometr aralıda yerləşir. «Sumaria» televiziyası, Kərkük Təhlükəsizlik İdarəsinə istinadən xəbər verir ki, Kərküklə Bağdad arasında quru yolu əlaqəsi tam kəsilib. Bağdadlıların da şəhəri tərk etməyə başladığı bildirilir. «NBC» bağdadlıların 100 dollar ödəyərək qaçmaya başladığını xəbər verir.
Böyük əksəriyyəti sünni olan təxminən 500 min adamın yaşadığı Bakuba şəhərində şiələr və kürdlər də var. Şəhər İranla sərhədin 93 kilometrliyində yerləşir.
«Al Jazeera» xəbər verir ki, IŞİD silahlıları Bakubanın cənub-şərqində olan altı kəndi ələ keçirib və Səlahəddin vilayəti istiqamətindən Bağdada doğru irəliləyir. Bu isə ölkənin parçalana biləcəyilə bağlı narahtlıqlara səbəb olub. Müşahidəçilərə görə, İraq tədricən sünni, şiə və kürd hissələrinə bölünür.
«Reuters» İraq ordusuna istinadən bildirir ki, Diyala əyalətinə bağlı Saidiyyə və Celula bölgələri də IŞİD terrorçularının əlinə keçib. Celula ətrafında olan silahlı kürd birlikləri ilə IŞİD arasında hər hansı bir qarşıdurma yaşanmayıb. Celula və Saidiyyədə olan onlarla ailə İran sərhədinə doğru qaçıb.
Bağdadda komendant saatı elan edildiyi bildirib. Bağdad saatı ilə 22:00-dan 04:00-a qədər küçəyə çıxmaq qadağan edilib
Bölgədəki bəzi yerli qaynaqlar isə İrandan gəlmiş İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” bölməsinin komandanı general Qasım SüleymanininBağdadda olduğunu və şəhərin müdafiəsi üçün İraq ordusu ilə birlikdə hazırlıqlara başladığı iddia edilir. "Qüds” Ordusunun komandiri və bölgənin ən güclü hərbi fiqurlarından biri olan Qasım Süleymanininİraqda yaşanan son olaylarla əlaqədar Bağdada getdiyi bildirilir.
Bundan başqa, İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” bölməsinin 2 batalyonunun da İraqa girdiyi bildirilir. Bundan əvvəl İraqın yaxın müttəfiqi və şiələrin dominant olduğu İran Suriyada Bəşər Əsədi devirməyə cəhd edən cihadçılarla mübarizədə Bağdadı yardıma çağırıb.
Onu da xatırladaq ki, iki gün əvvəl İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani növbəti hədəflərinin Bağdad və şiələrin müqəddəs məkanı Kərbəlanı ələ keçirmək olduğunu açıqlamışdı.
Özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran qrup bildirir ki, Mosulda və İraqda nəzarətə götürdüyü ərazilərdə sərt şəriət qanunu yaradacaq. «Əl-Qaidə»dən törəmiş bu qrup bildirib ki, şəhər sakinləri ibadətə çıxa bilərlər, ancaq qadınlar «qaydalara görə» evdə qalmalıdır. Oğruların əllərinin kəsiləcəyi bildirilib. Qrup deyir ki, əsgərlər və polis ya «peşman olduqlarını» söyləməlidirlər, ya da «öləcəklər».
İŞİD İraq Bankının Mosul filialından götürdüyü yarım milyard dolları fondlara verməyin mümkün olduğunu vurğulayıb.
Hazırda «İŞİD» İraqın şimalında, mərkəz və qərbində əraziləri nəzarətdə saxlayır. Qrup Suriyanın şimal-şərqində də fəaldır və sərhədin hər iki tərəfində islam dövləti yaratmağa and içib. İraq təhlükəsizlik orqanlarının məlumatına görə, onun himayəsi altında üç mindən büş minə qədər döyüşçü var.