Vaşinqtonda Rusiya tanklarının Ukrayna sərhədindən keçməsi barədə məlumatlar yoxlanılır. Əgər məlumatlar təsdiqlənsə, bu, böhranın dərinləşməsi kimi qiymətləndiriləcək. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqlənsə, ciddi nəticələr olacaq.
"Bu isə Şərqi Ukraynada böhranın dərinləşməsi olacaq”, - deyə o vurğulayıb.
Baki-xeber.com xəbər verir ki, dünən Ukraynanın daxili işlər naziri Arsen Avakov Rusiyadan üç tankın ölkəyə daxil olduğunu bildirib. Cənab Avakov deyib ki, tanklar və zirehli döyüş daşıyıcıları Rusiya sərhədindən Luqansk regionuna daxil olub, oradan isə Donetskə dedib və tanklar buradan Snijne şəhərinə yollanıb. Horlivkaya gedən iki tanka isə hökumət qüvvələri hücum edib.
O da bildirilir ki, Rusiyadan sərhədi keçərək Ukrayna ərazisinə daxil olmuş tanklardan ikisi Ukrayna əsgərləri tərəfindən məhv edilib
Xatırladaq ki, Ukraynanın sənaye mərkəzləri olan Donetsk və Luqansk regionlarında Rusiyapərəst separatçılar ötən ay keçirilən "referendumlardan" sonra müstəqilliklərini bəyan ediblər. Qərb ölkələri və Kiyev hökuməti bu səsvermələri qeyri-leqal adlandırıb.