Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko ilk dəfə bir araya gəlib. Rusiya və Ukrayna prezidentlərinin görüşü Normandiyada müttəfiqlərin cıxmasının 70 illiyi münasibəti ilə Fransada keçirilən təntənəli tədbirdə baş verib.
Prezidentlərin görüşündə Almaniya kansleri Angela Merkel də iştirak edib.
Vladimir Putin və Petro Poroşenkonun görüşü Fransa prezidenti Fransua Olland tərəfindən təşkil edilən rəsmi səhər yeməyindən əvvəl olub. Prezidentlərin danışıqları haqqında mətbuata heç bir açıqlama verilməyib.
Görüşün şahidi olmuş jurnalistlər deyirlər ki, söhbət bir dəqiqə müddətində olub. «Reuters» agentliyi xəbər verir ki, söhbət zamanı böhranın aradan qaldırılması və Petro Poroşenkonun Rusiya tərəfindən Ukraynanın qanuni prezidenti kimi tanınması mümkünlüyü məsələlərinə toxunulub.
Agentlik Fransa prezidentinin nümayəndəsinə istinadən bildirib ki, Ukraynada atəşin dayandırılmasına dair təfərrüatlı danışıqlar daha sonra keçiriləcək.
Qeyd edək ki, Putin və Poroşenko arasında danışıqlara başlanması Vaşinqton və London tərəfindən Moskva qarşısında qoyulmuş əsas tələblərdən biridir. ABŞ və Britaniya əks halda Rusiya üzərinə yeni sanksiyaların qoyulacağını bildirmişdilər.
Bu həftənin əvvəlində Putin Fransa telekanallarından birinə müsahibəsində demişdi ki, o, Ukraynada prezident seçilmiş Petro Poroşenko ilə Normandiyada keçirilən tədbir əsnasında görüşməyə hazırdır. Rusiya prezidentindən fərqli olaraq, əksər keçmiş sovet respublikalarının liderləri, o cümlədən Avrasiya İttifaqına daxil Belorus və Qazaxıstanın liderləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Poroşenkonu prezident kimi tanıyıblar.