Ukrayna prezident seçkilərində liderlik edən iş adamı Petro Poroshenko" müharibənin bitməsini və sülh istədiyini" bildirib.
Bülletenlərin 50 faizini hesablayan Mərkəzi Seçki Komissiyası cənab Poroşenkonun səslərin 53.86 faizini topladığını açıqlayıb. Poroşenkonun əsas rəqibi, keçmiş baş nazir Yuliya Timoşenko isə 13.10, Radikal partiyanın rəhbəri Oleq Lyaşko isə 8.46 faiz səslə onu izləyir.
MSK səsvermək hüququ olanların 60.41 faizinin səs verdiyini açıqlayıb.
"Ümid edirik ki, digər prezidentliyə namizədlər rəsmi nəticələrin açıqlanmasına problem törədəcək hər hansı məhkəmə işi qaldırmayacaq", - Poroşenkonun qərargah rəhbəri Vitali Kovalçuk deyib.
Həmçinin məlum olub ki, Kiyev meri seçkilərində UDAR partiyasının lideri Vitali Kliçko qalib gəlib.
Exit-pol nəticələrinə görə ilk mərhələdə seçicilərin 56 faizi Petr Poroşenkoya, 12 faizi isə keçmiş baş nazir Yuliya Timoşenkoya səs verib.
Poroşenko qeyd edib ki, prezident kimi ilk səfəri rusmeylli qüvvələrin nəzarət altına aldığı Donbass regionu olacaq. Onun sözlərinə görə, Kiyev heç vaxt Rusiyanın Krımı "işğalını" tanımayacaq.
Qeyd edək ki, Ukraynada bazar günü erkən prezident seçkiləri keçirilib. Dövlət başçısı vəzifəsinə 21 namizəd iddia edib.
«Şokolad Kralı» Poroşenko kimdir?
Pyotr Poroşenko1965-ci ildə Odessa vilayətinin Bolqrad şəhərində doğulub. 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədidir.
1990-cı ildən Pyotr Poroşenko bizneslə məşğuldur. Bir neçə iri müəssisəyə rəhbərlik edib. "Ukrprominvest” konserninin yaradıcısıdır. Sərvəti 1,3 milyard dollar civarında təxmin edilən Petro Poroşenko Ukraynanın ən zəngin adamlarından biridir. 1,3 milyard varidatla Ukraynanın 7-ci ən varlı adamı olan Poroşenkou populyar «Roshen» şokolad brendinə görə daha yaxşı tanıyırlar. Lakin son 15 ildə Ukraynanın müxtəlif administrasiyalarında nazir postları tutmuş 48 yaşlı prezident həm də ağıllı və səriştəli siyasətçidir.
2000-ci ildə Poroşenko indi vəzifəsindən devrilmiş Viktor Yanukoviçi hakimiyyətə gətirmiş Regionlar Partiyasının təsisçilərindən idi. Lakin bundan bir il sonra o, prezident Leonid Kuçmanın düşərgəsini tərk edərək Viktor Yuşşenkonun Bizim Ukrayna Partiyasının aparıcı tərəfdarı və maliyyə dəstəkçisinə çevrilib.
O, 2004-2005-ci illərdə Narıncı İnqilabı dəstəkləyib və Yuşşenkonun hökumətində vəzifədə olub. 2009-10-cu illərdə PoroşenkoUkraynanın xarici işlər naziri idi.
Prezident Yanukoviç 2012-ci ildə Poroşenkonu ticarət və iqtisadi inkişaf naziri təyin etmişdi, lakin o bu postda səkkiz ay qaldıqdan sonra Vinnitsa şəhərindən seçilmiş müstəqil deputat kimi parlament fəaliyyətinə qayıdıb. Onun Avromaydan hərəkatına maliyyə dəstəyi göstərdiyinə geniş inam olsa da, Poroşenko heç vaxt nümayişlərdə aparıcı rol oynamayıb.
Poroşenko fəaliyyətinin apogeyinə yəqin ki, 12 martda baş vermiş siyasi böhran zamanı çatıb.
Həmin gecə o, Krımın paytaxtı Simferopola donkixotsayağı səfər edərək yarımadanın Rusiyaya birləşməsinə dair referendumun keçirilməsinin qarşısını almağa cəhd göstərib.
Kiyev-Mohula Akademiyasının professoru Andreas Umland deyir ki, Simferopoldakı həmin gecə Poroşenkonu bir çox ukraynalının gözlərində ucaldıb: "Biz onun rusiyapərəst silahlılar və ya rus əsgərləri tərəfindən təqib olunduğunu görürük və bu onu yalnız bir oliqarx deyil, həm də etibarlı və ciddi siyasətçi kimi nümayiş etdirib”.
Poroşenko Ukraynanın Avropaya inteqrasiyası məsələsində də ardıcıl olub və Rusiyanın ticarət müharibəsinin gedişində onun «Roshen» şokoladlarını hədəfləməsi oliqarxa olan hüsn-rəğbəti daha da artırıb. Xarici işlər naziri olarkən Ukraynanın NATO-ya üzvlüyünü təbliğ edən Poroşenko bu məsələni prezident seçkisi kampaniyası zamanı qaldırmayıb.