Bolqarıstan Avropa Birliyinin Rusiyaya qarşı 21-ci sanksiya paketinə veto qoyub. Bolqarıstanın Baş naziri Rumen Radev veto qərarını, sanksiyaların xüsusən də “Lukoil” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərovu hədəf alması ilə əsaslandırib.
Sofiya hökuməti, azərbaycan əsilli rusiyalı iş adamı, Vahid Ələkbərovu hədəf alan sanksiyaların ölkə iqtisadiyyatına zərər verəcəyini iddia edərək qərara qarşı çıxıb. Ələkbərovun Burqasda Bolqarıstan neft emalı zavodunun inkişafına mühüm töhfələr verdiyini deyən Radev bildirib ki, sanksiya paketinə dəstək vermək "öz ayağımıza güllə atmaq" demək olardı.
Baş nazir həmçinin “Lukoil” şirkətinin Bolqarıstana qarşı 3 milyard avroluq məhkəmə iddiası qaldırdığını da xatırladıb. Radev veto qərarının Sofiyanın üzərinə heç bir maliyyə yükü qoymayacağını iddia edib. "Gördüyünüz kimi, Avropa fondlarından Bolqarıstana ödənişlər dayanmayıb. Əksinə, hətta etibar sayəsində avans ödənişləri də alırıq", - deyə Baş nazir bildirib.
Bolqarıstanın Baş naziri ölkəsinin Patriarx Kirill və Vahid Ələkbərova qarşı sanksiyalar tətbiq etmək planlarını dəstəkləmədiyini bildirib. "Biz bu cür sanksiyaları dəstəkləmirik. Bizim səs vermək hüququmuz var və bundan istifadə edəcəyik" - deyən Radev, Avropa liderlərinin mövqeyinə hörmətlə yanaşdığını qeyd edib.
Avropa Komissiyası 21-ci sanksiya paketi ilə bağlı təkliflərini iyunun 9-da təqdim edib. Paketin enerji, ticarət və maliyyə kimi "ən çox təsirə" malik sektorları hədəf alması və 80 Rusiya şirkətini və fərdini qara siyahıya salması planlaşdırılırdı. Lakin Bolqarıstanın vetosu bu planların hələlik dayandırılmasına səbəb olub
Bolqarıstanın bu addımı bir daha Rusiyaya qarşı sanksiya siyasəti ilə bağlı Aİ daxilində birliyə nail olmağın çətinliklərini ortaya qoyur. Digər tərəfdən, Sofiyanın enerji asılılığı və iqtisadi maraqlarını əsas gətirərək verdiyi qərar, Avropa Birliyini yaxın günlərdə yeni bir kompromis axtarmağa məcbur edə bilər.
Tahir TAĞIYEV