Əli Mustafa: “Çünki münaqişə üzərindən Cənubi Qafqaza girdilər, bundan istifadə edərək sərvətlərimizə çökdülər”
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib ki, Minsk qrupunun həmsədrləri torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər:
“Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi – torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq. Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini – BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik”.
Diqqət çəkən məqam odur ki, Prezident konkret olaraq 3 böyük dövlətin bu məsələdə illər əvvəl sərgilədikləri siyasəti açıq şəkildə ifşa etdi.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Əli Mustafanın fikrincə, həqiqətən də Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasında və uzanmasında adı çəkilən 3 ölkənin payı, rolu var: “Rusiya birbaşa olaraq bu münaqişədə iştirak edirdi. Rusiyanın bilavasitə hərbi dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərini işğal etdi. Fransa və Birləşmiş Ştatlar dolayı formada işğala dəstək verirdilər. Siyasi və iqtisadi olaraq Ermənistanı himayə edirdilər. Həmin dövlətlər ümumilikdə, münaqişənin həllində deyil, davam etməsində, prosesin uzanmasında maraqlı idilər. Çünki münaqişə üzərindən Cənubi Qafqaza girdilər. Münaqişədən istifadə edərək sərvətlərimizə çökdülər. Münaqişə davam etdikcə onların bölgədə təsir imkanları qaldı. Azərbaycan isə zamanla toparlanaraq öz gücü ilə işğala son qoydu. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu uğurun əldə edilməsində yaranan əlverişli geosiyasi vəziyyətin də müəyyən rolu oldu. Nəticədə Rusiya, Fransa və ABŞ-ın işğalı əbədiləşdirmək və bundan öz məqsədləri üçün istifadə etmək siyasəti puça çıxdı. Prezident haqlı olaraq həmsədr dövlətlərin əsil niyyətini ortaya çıxartdı. Açıq şəkildə bunu bütün dünyaya bəyan etdi”.
Vidadi ORDAHALLI