Avropa İttifaqı (Aİ) Rusiyanın idxal məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır. Bu haqda “Financial Times” məlumatlı mənbələrə istinadla yazır. Məlumata görə, Avropa Komissiyası “avtonom ticarət tədbirləri” paketi üzərində işləyir. Plandan xəbərdar dörd mənbənin dediyinə görə, Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına rüsumların azaldılması nəzərdə tutulur.
Təşəbbüsün Rusiyanın Ermənistana son parlament seçkiləri ərəfəsində tətbiq etdiyi idxal qadağalarına cavab olaraq hazırlandığı bildirilir. Brüssel hesab edir ki, bu məhdudiyyətlər ölkənin qərbyönlü hökumətinə təzyiq göstərmək məqsədi daşıyıb. Tədbirlərin qüvvəyə minməsi üçün Aİ-yə üzv dövlətlərin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqi tələb olunur. İki mənbənin sözlərinə görə, paket Rusiyanın qadağa tətbiq etdiyi təxminən 20 məhsul kateqoriyasının əksəriyyətini əhatə edəcək. Həmin məhsulların illik dəyəri təxminən 420 milyon avrodur. Digər iki mənbə bildirib ki, təkliflər yaxın həftələrdə təqdim oluna bilər. Rəsmilərin sözlərinə görə, Aİ xarici işlər nazirləri iyunun 15-də Lüksemburqda Ermənistanın xarici işlər naziri ilə bu məsələni müzakirə ediblər. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosun da gələn ayın əvvəlində Ermənistana səfəri gözlənilir.
Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi Rusiya keyfiyyət standartlarını əsas gətirərək bu ölkədən bir sıra malların bazara girişini məhdudlaşdırıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu addımlara cavabında bəyan edib ki, İrəvan Rusiyaya idxalı qadağan edilən məhsulları Avropa İttifaqı bazarına çıxaracaq. O, hökumətin Rusiyanın son qadağalarından zərər çəkmiş və haqsızlıqla üzləşmiş bizneslərə subsidiya ayıracağını da bildirib. Rəsmi Moskva yenə seçki ərəfəsində Ermənistana dönə-dönə xatırladır ki, ölkə eyni vaxtda həm Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirə, həm də Avrasiya İqtisadi İttifaqında qala bilməz. Aİİ-nin digər üzvləri – Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Rusiya prezidenti Vladimir Putinə qoşularaq Ermənistanda referendum keçirilməsinə çağırırlar. Paşinyan isə Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalacağını bildirib. 7 iyun seçkisində hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin təxminən 49.8 faizini toplayaraq 105 yerlik Milli Assambleyada 64 mandat qazanıb.
Samirə SƏFƏROVA