Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

Məhəmməd Əsədullazadə: “Yaranan geosiyasi vəziyyət və Trampın qalib gəlməsi onları buna məcbur etdi”
Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib ki, Tramp qalib olmasaydı, Ermənistan sülh sazişi ilə bağlı iki maddəni qəbul etməzdi:
“2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər”.
“Demokratlar qalib gəlsəydi, Ermənistan danışıqlarda pozucu mövqeyini daha da artırardı”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, 44 günlük Vətən müharibəsindən sonra ABŞ-da Demokratlar Partiyası hakimiyyətə gəldi: “Həmin dövrdə gedən danışıqlar prosesində Bayden administrasiyası Ermənistana ciddi dəstək verirdi. Ermənistan da bundan sui-istifadə edərək sülh prosesini sabotaj edirdi. Güman edirdilər ki, Azərbaycan “Dağlıq Qarabağ” ifadəsinin sülh mətninə daxil edilməsinə məcbur ediləcək. O cümlədən, Ermənistan Konstitusiya dəyişikliklərinə getməyəcək, Minsk Qrupu mövcudluğunu qoruyacaq. Ancaq ABŞ-da keçirilən seçkilərdə Harrisin məğlub olması, Trampın qalib gəlməsi Ermənistanın, o cümlədən Paşinyan komandasının gözləntilərini puça çıxartdı. Gedən proseslər konkret olaraq Ermənistan tərəfinin planlarını pozdu. Cənab Prezident də qeyd etdi ki, 2024-cü ilin yanvarından real danışıqlar başladı və “Dağlıq Qarabağ” sözünün sülh sazişi layihəsinə daxil edilməsindən Ermənistan imtina etdi. Məhz ondan sonra proseslərdə aktivlik artıb, iki ölkə arasında sərhədin müəyyən hissəsi delimitasiya edilib və s. Hiss edilir ki, Ermənistan müəyyən qədər reallığı qəbul edir. O üzdən, dövlət başçısının Trampla bağlı dedikləri həqiqətdir. Demokratlar qalib gəlsəydi, Ermənistan danışıqlarda pozucu mövqeyini daha da artırardı. Yəni Paşinyan öz istəyi ilə danışıqlarda mötədil mövqe tutmadı. Yaranan geosiyasi vəziyyət və Trampın qalib gəlməsi onları buna məcbur etdi. Proses bundan ibarətdir. Bir sözlə, düşünürəm ki, növbəti mərhələdə Azərbaycanla Ermənistan arasında sülh sazişi də imzalanacaq. Trampın da Azərbaycana qarşı münasibəti normaldır. Azərbaycan Ermənistandan qeyri-qanuni heç nə tələb etmir. Azərbaycan beynəlxalq hüquqa söykənir. Azərbaycan Ermənistanla yarımçıq yox, real və dayanıqlı sülh sazişi imzalamaq istəyir. Bu da Ermənistan Konstitusiyasının dəyişdirilməsindən keçir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına rəsmən son qoymalıdır. Fikrimcə, proseslər bu yöndə gedir və Vaşinqtin da buna siyasi dəstək verir”.
Vidadi ORDAHALLI