Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

Mübariz Göyüşlü: "Aİ-nin bu ölkələrə iqtisadi, siyasi və təhlukəsizlik töhfələri rus neftindən daha vacibdir"
Macarıstan Serbiya ilə Rusiya neftinin tədarükü üçün iki ölkə arasında boru kəmərinin tikintisini müzakirə edib. Danışıqlarda Rusiya nümayəndələri də iştirak edib. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
O, Facebook-da mətinlə yanaşı, videokonfrans vasitəsilə baş tutan üçtərəfli danışıqların fotoşəkillərini də dərc edib.
"Beynəlxalq enerji bazarı ilə bağlı Brüsseldə qəbul edilən bir sıra yanlış qərarlar Avropanı çətin vəziyyətə salıb. Bu gün Avropada enerji qiymətləri bütün dünya ilə müqayisədə bir neçə dəfə artıb", - Siyarto yazıb.
O əlavə edib ki, Rusiyanın enerji resurslarından istifadəyə qadağa qoyulması və nəqliyyat marşrutlarının bağlanması nəzərə alınmaqla, bu təəccüblü deyil.
"Bu gün (21 iyul) biz serb və rus tərəfdaşlarımızla Macarıstanı Serbiya ilə birləşdirəcək yeni neft kəmərinin tikintisi ilə bağlı danışıqlar aparırıq", - XİN rəhbəri Facebook-da yazıb.
Macarıstan və Serbiyanın Rusiya neftindən imtina etməməsini Aİ-nin parçalanması kimi dəyərləndirmək olarmı?
"Hesab etmirəm ki, bu, Avropa İttifaqının parçalanmasına gətirib çıxara bilər. Serbiya və Macarıstan kimi Avropa ölkələri zaman-zaman Aİ-nin aparıcı dövlətlərinin diqtələrınə qarşı çıxırlar. Onunla bu qəbildən olan ölkələr öz milli və dövlətçilik maraqlarını müdafiə edirlər. İttifaqda olmalarına baxmayaraq, hər bir ölkənin öz milli və dövlətçilik maraqlarını güdməsini Aİ normal qarşılamalıdır". Bunu baki-xeber.com-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
O əlavə edib ki, Aİ-nin lider dövlətləri də buna anlayışla yanaşmalıdır: "Hazırda geosiyasi proseslər o qədər sürətlə inkişaf edir ki, istənilən siyasi-iqtisadi birlik hər an dağıla bilər. Bu baxımdan Aİ dövlətləri arasında da belə fikir ayrılıqları yarana və İttifaq dağıla bilər.
Lakin Serbiya və Macarıstan özü də istəməz ki, Avropa İttifaqından ayrılsın. Çünki Aİ-nin bu ölkələrə iqtisadi, siyasi və təhlukəsizlik töhfələri rus neftindən daha vacibdir. Ona görə də konkret bu məsələyə görə indiki şəraitdə Serbiya və Macarıstanın Aİ-dən ayrılması mümkun deyil".
Dəniz NƏSİRLİ