Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

İlyas Hüseynov: “Rusiya tərəfinin bu susqunluğu, “istintaq davam edir" sözlərini deməsi kifayət deyil”
“Azərbaycanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq məhkəməyə müraciət edilməsi ilə bağlı qərar verməsi onun hüququdur”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Moskvanın hazırda istintaq prosesinin nəticələrini gözlədiyini söyləyib: "Hazırda istintaq davam edir, məhkəmə prosesi keçirilir. Biz sadəcə nəticə ilə bağlı hökmü gözləyəcəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda AZAL-ın təyyarəsinin vurulması ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlandığını açıqlayıb.
Maraqlıdır, Peskov məlum fikirləri ilə nə demək istəyib?
"Azərbaycan mehriban qonşuluq siyasəti, birgə yaşayış prinsiplərinə əməl edir, dostluq və yaxınlıq münasibətlərinə davam edir"
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin vurulmasından sonra bəzi açıq qalan suallar var. İbtidai istintaqdan sonra yayılan hesabata rəğmən səhv, yanlış mülahizələrin irəli sürülməsi təəssüf doğurur. Rusiya tərəfindən baş verən hadisə ilə bağlı müfəssəl bir cavab, üzrxahlıq yoxdur: “Bu, Azərbaycan tərəfini narahat edir, baxmayaraq hadisədən 7 ay keçib. Rusiya tərəfinin bu susqunluğu, “istintaq davam edir” sözlərini deməsi kifayət deyil. Bu baxımdan Azərbaycanın beynəlxalq qurumlara müraciət etməsi, forumda da məlum məsələyə toxunması ölkəmizin haqqıdır. Azərbaycan öz hüquqlarının bərpasını beynəlxalq təşkilatlardan tələb edir. Buna cavab olaraq Rusiyanın Azərbaycana və Rusiyada yaşayan həmyerlilərimizə münasibəti arzuolunmazdır. Hesab edirəm ki, Bakı ilə Moskva arasındakı münasibətlərə ciddi zərbə vurur. Azərbaycan mehriban qonşuluq siyasəti, birgə yaşayış prinsiplərinə əməl edir, dostluq və yaxınlıq münasibətlərinə davam edir. Ancaq Rusiya tərəfində başqa bir əhval-ruhiyyə var. Rusiyanın biganə, laqeyd münasibəti aradan qaldırılmalıdır. Azərbaycanın maraqları təmin olunmalıdır”.
Günel CƏLİLOVA