İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

İsrailin ən məşhur qəzetlərindən biri olan “Yedioth Ahronoth” Suriyada Əsəd rejimini devirərək hakimiyyətə gələn Əhməd Şaraya son 7 ayda üç dəfə sui-qəsd edildiyini iddia edib.
Bu cəhdlərin arxasında İŞİD-ə bağlı ünsürlərin dayandığı bildirilən xəbərdə Şaranın “Türkiyə təhlükəsizlik qüvvələrinin sayıqlığı sayəsində ilk hücumdan sağ çıxdığı” vurğulanıb.
İlk cəhd Əhməd Şaranın Dəməşqdəki “Qəsr əl-Şaab” Prezident Sarayından çıxışı yaxınlığında baş verib. Şübhəli bir hərəkətlilik görən türk təhlükəsizlik qüvvələri hücumçunu zərərsizləşdirərək, potensial sui-qəsdin qarşısını alıb.
İsrail mənbələri hücumun türk birlikləri tərəfindən dəf edildiyini və "Türklərin Şaranın həyatını xilas etdiyini" bildirib. Qeyd edilir ki, Şara hadisədən sonra ictimaiyyətin dəstəyini sarsıtmamaq üçün hücumu ictimailəşdirməməyi tapşırıb.
İkinci cəhd Suriyanın İordaniya sərhədi yaxınlığındakı Dəra əyalətində baş verib. Əhməd Şaranın bölgəyə səfəri zamanı Suriya və Türkiyə təhlükəsizlik qüvvələri konvoy yolunda iki şübhəli şəxs aşkarlayıb. Dərhal marşrut dəyişikliyi sayəsində hücum planı pozulub. Bu hadisə barədə də ictimaiyyətə məlumat verilməyib.
Üçüncü və ən təhlükəli cəhd Dəməşq daxilində sabit marşrutlardan birində baş verib. İsrail mətbuatı Şaranın tez-tez istifadə etdiyi marşrutda qurulan silahlı pusqunun son anda aşkar edilərək qarşısının alındığını iddia edib.
Bu cəhddən sonra Şaranın qəfil Dəməşqi tərk etməsi həm yerli, həm də beynəlxalq dairələrdə spekulyasiyalara səbəb olub.
Həm İsrail, həm də ərəb mediasında Şaranın bütün hücum cəhdlərinə baxmayaraq hadisələri ictimaiyyətə açıqlamamaq əmri verdiyi vurğulanıb. Onun bu tapşırığının ictimaiyyət qarşısında “məğlubedilməz lider” imicini qorumaq strategiyasından irəli gəldiyi güman edilir.
TAHİR