Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib.
“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.
Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik.
Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”, - deyə Prezident İlham Əliyev “X” hesabında paylaşımında bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb.
Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirib. O qeyd edib ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibə başlatmayıb, əksinə müharibələri sonlandırmaq məqsədi güdür. Prezident İlham Əliyev daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxsən niyyətinə görə ona minnətdarlığını bildirib.
I would like to express my gratitude to President Donald Trump for sharing my remarks on his social media platform regarding the U.S.-Azerbaijan partnership and his commitment to a peace agenda - both globally and in our region - which I conveyed at the Shusha Global Media Forum.… pic.twitter.com/6T2bjXeFeK
— Ilham Aliyev (@presidentaz) July 22, 2025