Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

Mübariz Göyüşlü: "Danışıqlar hələ ABŞ və Ermənistan hökuməti arasında gizli davam etdirilir, bu barədə ictimaiyyətə dəqiq açıqlama verilmir"
Bu günlərdə Paşinyan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin səmərəsindən danışıb. Amma bu istiqamətdə hansı addımların atıldığı barədə heç bir söz deməyib.
Ötən ilin 14 yanvarında Co Bayden administrasiyası tərəfindən tez-tələsik imzalanan bu sənəd real mexanizmə malik deyil, bu sənədin tələblərindən irəli gələn tədbirlərin heç birinin icrasına başlanılmayıb. Bu bəlkə də Bayden administrasiyasınin erməni sevgisindən doğan bir sənəd idi. Amma Ermənistan baş naziri bu sənədin səmərəsindən ağızdolusu danışır.
Ümumiyyətlə, Paşinyan bu barədə niyə məhz indi danışmağa başlayıb?
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-un sualına cavabında bildirib ki, Paşinyanın bu məsələyə indi münasibət bildirməsi heç də təsadüfi deyil, o, Bayden administrasiyası ilə sözügedən sənəd imzalanandan sonra bu istiqamətdə Trampın fikirlərini bilmədiyinə görə bu məsələnin üstündən sükutla keçirdi: "Lakin son günlər Trampın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı fikirləri səslənir, Zəngəzur dəhlizinə ABŞ-ın nəzarət etməsi məsələsi gündəmdədir və s. Məhz bu səbəbdən Paşinyan indi bu sənədi xatırladır. ABŞ prezidentinin fikirləri və Amerikanın Zəngəzur dəhlizinə münasibəti nə qədər səmərəli olacaq, baş tutacaq, yoxsa yox, hələ bəlli deyil. Amma bu məsələlər hər halda Ermənistanın baş nazirini cəsarətləndirib.
Paşinyan belə məsələlərdə blef etməkdə peşəkardır. İndi də dünyanın süpergüclərindən olan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürmək istəyini, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə maraqlanmasını ötən ilin 14 yanvarında ABŞ-la Ermənistan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya ilə bağlamağa çalışır. Paşinyan bu məsələni gündəmə gətirməklə daxili auditoriyaya onun xarici siyasətinin nə qədər uğurlu olduğunu təqdim etmək niyyəti güdür. Halbuki, həmin sənəddə ümumiyyətlə Azərbaycanla Ermənistan arasında münasibətlərdən söhbət belə açılmır.
Digər tərəfdən, Paşinyanın ABŞ-ın Zəngəzur dəhlizi maraqlarından istifadə edərək "ölü sənəd" olan ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanı işlək vəziyyətə gətirmək amacı da ola bilər. Hər halda, danışıqlar hələ ABŞ və Ermənistan hökuməti arasında gizli davam etdirilir, bu barədə ictimaiyyətə dəqiq açıqlama verilmir. Tərəflər hələ ki, informasiya baxımından ümumi sözlərlə kifayətlənir. Yaxın zamanlarda tərəflərin davranışları vəziyyətin nə yerdə olduğunu nümayiş etdirəcək.
Hər halda, Nikol Paşinyanı danışdıran ABŞ-ın yeni mesajlarıdır. Bu mesajlar baş nazirin indiki durumu üçün göydəndüşmədir. Çünki müxalifətlə qızğın mübarizə dövründə Paşinyan bunu xarici siyasətdə "böyük uğur" kimi təqdim edərək əlini gücləndirə bilər və o, bunu məharətlə edir".
Dəniz NƏSİRLİ