"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Bu, bundan sonra da belə olacaq. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Gününün 9 illiyi ilə əlaqədar keçirilən anım tədbirində deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir: "Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bəyannamə əlaqələrimizin hərtərəfli inkişafı üçün yol xəritəsidir. Bu sənəd müttəfiqlik münasibətlərimizin dərinləşməsi və genişlənməsi üçün zəmin yaradır. Ölkələrimiz arasında fəal siyasi münasibətlər davam edir".
Nazir müavini vurğulayıb ki, bu il iki ölkə üçün əlamətdar il olaraq davam edir: "Azərbaycan Prezidenti İlham Əliyev bu il 3 dəfə Türkiyəyə səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gəlib. İki ölkə arasında münasibətlər iqtisadi sahədə də inkişaf edir: Enerji, logistika layihələri həyata keçirilir. Birgə layihələr regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb", - deyə o qeyd edib.
ZÜMRÜD