Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini “sərt adam” adlandırıb. Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşü zamanı danışan Tramp Putinin ABŞ-ın əvvəlki prezidentlərini “aldatdığını” deyib.
"Onu qatil adlandırmaq istəmirəm, amma o, çox sərt adamdır. İllər bunu sübut etdi. O, Klinton, Buş, Obama və Baydeni aldatdı. Amma məni aldada bilmədi!" – deyə Tramp bildirib.
ABŞ prezidenti Putinlə son telefon danışıqlarının yaxşı olduğunu, ancaq görüşlərdən sonra Kiyevə və ya başqa şəhərlərə raketlər yağdırdığını deyərək, Rusiya liderinin hərəkətlərindən şübhələndiyini bildirib. Tramp belə hadisələrin üç-dörd dəfə təkrarlanmasından sonra bu danışıqların heç bir məna daşımadığı qənaətinə gəldiyini bildirib.
ABŞ prezidenti iyulun əvvəlində də Putindən məyus olduğunu bildirərək, Ukrayna böhranında irəliləyişin əldə olunmadığını bildirmişdi.
Siyasi analitiklər Trampın açıqlamalarını ABŞ-Rusiya münasibətlərində mövcud gərginliyin davamı kimi şərh edirlər. Qeyd olunur ki, iki tərəf arasında xüsusilə Ukrayna böhranı və silah tədarükü ilə bağlı fikir ayrılıqları dərinləşir. Bildirilir ki, Trampın açıqlamaları iki lider arasındakı mürəkkəb münasibətlərin yeni və daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir.
TAHİR