ABŞ İranın nüvə obyektlərinə zərbə endirməsinin görüntülərini yaydı – FOTO/VİDEO

ABŞ Müdafiə naziri Pit Heqset ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birlikdə Pentaqonda keçirdiyi mətbuat konfransında ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları və ABŞ mətbuatına sızan kəşfiyyat məlumatları ilə bağlı açıqlamalar verib.
İrana qarşı cəsarətli bir əməliyyat keçirdiklərini bildirən Heqset, bombaların İrandakı hədəflərini tam olaraq vurduğunu deyib.
''Suları bulandırmaq üçün yalan danışırlar. İranın nüvə obyektləri məhv edilib. İrana qarşı cəsarətli əməliyyat keçirdik. Onlar hesabatı sızdırmaqla Trampı pis göstərməyə çalışıblar. Yalan desələr də, biz nüvəni məhv etdik. İrana qarşı həyata keçirdiyimiz əməliyyat yuxu kimi idi” – deyə müdafiə naziri bildirib.
Heqset, ABŞ-ın İrana hücumları ilə bağlı Pentaqonun kəşfiyyat qolu olan Müdafiə Kəşfiyyat Təşkilatının hazırladığı ilkin hesabatın mediaya sızması ilə bağlı araşdırma başlandığını bildirib.
Heqset bir video ilə İrana hücumun miqyasını da açıqlayıb. ABŞ-ın İrana endirdiyi hava hücumlarının ölkənin nüvə potensialını məhv etdiyini deyən Heqset, bombaların tam olaraq hədəflərini vurduğunu və gözlənilən zərəri verdiyini iddia edib və bunu İranın da bildiyini deyib: "Prezident Tramp tarixin ən mürəkkəb və gizli hərbi əməliyyatını idarə etdi və bu, böyük uğur idi".
ABŞ müdafiə naziri, “Fordoda baş verənləri qiymətləndirmək istəyirsinizsə, böyük bir kürək götürüb dərin qazmanız lazımdır. Çünki İranın nüvə proqramı məhv edildi” deyib.
Nazir həmçinin hücumlardan əvvəl İranın zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair heç bir kəşfiyyat məlumatının olmadığını da ifadə edib.
TAHİR