Əli Orucov: “Onun Bakı həbsxanasında separatçılarla görüşü daha realdır”
Komanda yoldaşlarımın və mənim iqtidara gəlmək hədəfimiz yoxdur, məqsədimiz iqtidar dəyişikliyidir. Bu sözləri Ermənistanın 3-cü prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan deyib.
“Şəxsən mənim iki mühüm məqsədim, arzum var: birincisi, hakimiyyət dəyişikliyi, ikincisi, Bakı həbsxanalarından dostlarımın qayıtması. Başqa heç nə istəmirəm. Kim nə istəyirsə, qoy hamısını götürsün”, - deyə Sarkisyan bildirib.
Təbii ki, Paşinyanın hakimiyyətdə qalması və yaxud da getməsi öz işləridir. Ancaq Bakıda məhkəməsi gedən separatçılarla Sarkisyanın görüşməsi ehtimalı harda daha çoxdur - İrəvanda, yoxsa Bakıda? Yəni onun özünün də cinayətkar kimi Bakıya gətirilməsi və məhkəmədə onların üz-üzə gətirilməsi daha realdırmı? Sarkisyan arzusuna hansı halda daha tez çatacaq? Separatçıları İrəvanda görəcək, yoxsa özünü gətirib məhkəmədə görüşəcəklər? Bir sözlə, bunlardan hansı daha realdır?
“Məhkəmədə separatçılar ifadələrində Sarkisyanın adını verəndən sonra kimsə onu gizlədə bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, ikinci ehtimal daha real görünür: “Məsələ ondadır ki, 5 il əvvəl Qukasyanın və digər separatçıların Bakı həbsxanasında olacaqlarını, qanun qarşısında cavab verəcəklərini heç xəyalımıza belə gətirməzdik. O vaxt bunu kimə desəydik, ya ciddi qəbul olunmazdı, ya da ikrahla qarşılanardı. Ən azından ona görə ki, 20 faiz ərazimiz 30 ilə yaxın idi işğal altında idi. Ancaq biz həm ərazi bütövlüyümüzü təmin etdik, həm də suverenliyimizi. Eyni zamanda separatçı quruma rəhbərlik edənləri tutub içəri saldıq. Bütün bunlar inanılmaz və böyük bir uğur idi. Şəxsən mən bu dərəcədə böyük qələbə qazanacağımızı gözləmirdim. Ona görə yox ki, guya Ermənistan Azərbaycandan güclü idi. Əlbəttə ki, yox. Ona görə ki, böyük dövlətlərin buna imkan verməyəcəyi risqi var idi. Ancaq Azərbaycan uğurlu gedişləri ilə bunları neytrallaşdıra bildi. Konkret Sarkisyana gəldikdə isə, o, Xocalı canisidir. Bununla bağlı onun şəxsən etirafları var və açıq deyib ki, Xocalıya qədər azərbaycanlılar elə bilirdi biz onlarla zarafat edirik. Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Sarkisyanı axtarışa verib. İnterpol məsələni siyasi hesab edərək Sarkisyanı saxlamayıb. Lakin Bakı Hərbi Məhkəməsində separatçıların məhkəməsi gedir və törətdikləri cinayətlərə görə cavab verirlər. Məhkəmədə separatçılar ifadələrində Sarkisyanın adını verəndən sonra kimsə onu gizlədə bilməz. O cümlədən, İnterpol bundan yayına bilməz. Sarkisyan hara getsə, onu tutub Azərbaycana təhvil verməyə borcludurlar. Başqa bir tərəfdən, Sarkisyan və digər revanşistlər Paşinyana siyasi rəqibdilər. Prinsipcə, Paşinyan onları Azərbaycana təhvil verməkdə maraqlı olmalıdır. O üzdən, onun Bakı həbsxanasında separatçılarla görüşü daha realdır”.
Vidadi ORDAHALLI