Süni intellekt alqoritmlər əsasında işləyən sistemdir. Bu səbəbdən bəzən insanlardakı qərəzləri təkrar edir və daha geniş şəkildə yayır. Əgər bir model islamofob məzmunla öyrədilibsə, o zaman bu qərəzli informasiyanı sosial mediada, axtarış nəticələrində və hətta hüquq-mühafizə sistemlərində təkrar istehsal edə bilər.
Bunu Qətər Hökumət Media Mərkəzinin direktoru Eyman Əl-Kaabi Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın panel iclasında deyib.
O qeyd edib ki, müsəlman adları ilə bağlı axtarışlarda mənfi nəticələrin önə çıxması və ya avtomatik filtrlərdə müsəlman geyimi və simvollarının “şübhəli” kimi işarələnməsi artıq qeydə alınmış hallardır. Bu hallar süni intellektin neytral deyil, insan qərəzlərindən təsirləndiyini sübut edir.
“Bunun qarşısını almaq üçün etik alqoritmlər, diversifikasiya olunmuş təlim məlumatları və nəzarət mexanizmləri vacibdir. Rəqəmsal məkan yalnız texnologiya ilə deyil, ədalət və bərabərlik prinsipləri ilə də idarə olunmalıdır. Unutmayaq ki, texnologiya bizi bölmək üçün deyil, birləşdirmək üçün olmalıdır”, - deyə Qətər Hökumət Media Mərkəzinin direktoru bildirib.
ZÜMRÜD