Müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşirlər. Bu cür qərəzli yanaşmalar müsəlmanların damğalanmasında və əsassız irqi profilləşdirilməsində özünü göstərir və qərəzli media təmsilçiliyi, bəzi siyasi liderlərin antimüsəlman ritorikası və siyasəti ilə gücləndirilir.
Bu fikirlər BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransa ünvanladığı videomüraciətində səsləndirilib.
O bildirib ki, insanlara hər yerdə dinc şəkildə, qorxmadan inanclarını həyata keçirmələrinə icazə verilməlidir: “Dünyanın hər yerində dini obyektlərə hücum edilib. Bütün ibadət yerləri terror və qan tökülmə yeri deyil, təhlükəsiz sığınacaq olmalıdır. Biz hamımız hər cür nifrət və ayrı-seçkiliyə qarşı çıxmalıyıq”.
ZÜMRÜD