Rusiya Xarkov ətrafına 50 minlik qoşun yığır - Ukraynanın şimal-şərqindəki “qala şəhəri” təhlükədə…

Rusiya Ukraynanın şimal-şərq sərhədindəki “qala şəhəri” kimi tanınan Xarkov ətrafına qoşun toplamağa başlayıb.
Britaniyada “Sky News” kanalı Ukrayna Baş Qərargahındakı mənbələrə istinadən xəbər verir ki, Ukrayna qoşunlarının Kursk bölgəsindən çıxarılmasından sonra Rusiya sərhəd xəttinə təxminən 50 minlik hərbi qüvvə yığmağa başlayıb.
"Düşmən cəbhə xəttinə yaxınlaşmağa və ən azı bəzi hücumlar etməyə çalışır, lakin uğur qazana bilmir" deyə Ukraynanın 13-cü Əməliyyat Briqadasının qərargah rəisi Andriy Pomaqaybus bildirib.
Pomaqaybus bununla belə, rus qoşunlarının “hücum üçün aktiv hazırlıq vəziyyətində” olduğunu da qeyd edib.
“Sky News”un hərbi analitiki professor Maykl Klark Ukrayna qoşunlarının Kursk bölgəsindən çıxarılmasından sonra Rusiyanın sərhəddə hərbi hərəkətliliyini dəyərləndirib və bildirib ki, Moskva bölgədəki qoşunlarla yeni strateji hücum planlaşdıra bilər.
Xəbərdə Rusiyanın elit hava desant bölməsinin əsgərlərinin Kursk əməliyyatında iştirak etdiyi və bu bölmələrin də hazırda Xarkov sərhəddində olub-olmadığı bilinmir. "Əgər bu bölmələr hələ də Xarkov ətrafındadırsa, demək onlar böyük bir hücumda iştirak edəcəkləri planlaşdırılır" - deyə Klark bildirib.
Professor Rusiyanın Xarkov və ya Sumi şəhərlərinə birbaşa hücum hazırlaya biləcəyini, lakin bunun yüksək risqli və çətin əməliyyat olacağını bildirib. Onun fikrincə alternativ ssenari isə Ukraynanın 2022-ci ilin payızında azad etdiyi rayonları geri almaq ola bilər. Lakin Klark bu yay böyük bir strateji hücum ehtimalını zəif görür. Səbəb odur ki, Kreml mövcud resursları cəbhə xətti boyunca yaymaqla tükəndirib. Bu vəziyyət Ukraynanın da ehtiyatlarının tükətməsinə gətirib çıxarıb. Klark hazırki mənzərəni belə dəyərləndirir: “Hər iki tərəf strateji hücum ehtimalını hazırkı məhvetmə müharibəsinə qurban verib”.
TAHİR