Avropa Rusiyaya böyük zərbə vurmağa hazırlaşır - neft qiymətləri 45 dollara endiriləcək…

Qərb ölkələri Ukrayna müharibəsini maliyyələşdirmək üçün istifadə edildiyini iddia etdikləri Rusiyanın neft və qaz gəlirlərini azaltmaq üçün sanksiyaları artırır.
Qərb mənbələrinə görə, Avropa İttifaqı (Aİ) G7 ölkələrinə Rusiya neftinin qiymətinin bir barel üçün 45 dollara endirilməsini təklif etməyə hazırlaşır.
Qiymət həddinin 45 dollara endirilməsi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır. “Reuters” daha əvvəl bildirirdi ki, Aİ dəniz yolu ilə daşınan Rusiya neftinin qiymət həddini 60 dollardan 50 dollara endirməyi düşünür. Ancaq indi belə görünür ki, gündəmdəki təklif bu səviyyədən də sərtdir. Bu addım Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsidir.
“Bloomberg”in mənbələrə istinadən verdiyi xəbərə görə, eyni paket çərçivəsində daha 20 Rusiya bankının SWIFT ödəniş sistemindən çıxarılması da nəzərdən keçirilir.
Əvvəlki sanksiya dalğalarında onlarla Rusiya maliyyə institutu bu qlobal ödəniş sistemindən çıxarılmışdı. Bu vəziyyət Rusiyanın beynəlxalq ticarətdə əməliyyat imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Avropa Komissiyasının təklif etdiyi bu məhdudiyyətlərlə bağlı Aİ-yə üzv dövlətlərlə danışıqlar davam edir. Yekun qərar hələ verilməyib.
Ekspertlərin fikrincə, Aİ-nin son addımı Moskvanın enerji sektorunda manevr etmək üçün maliyyə imkanlarını daha da daralda bilər.
İndi G7 ölkələrinin Aİ-nin bu təklifinə necə cavab verəcəyi və Rusiyanın mümkün reaksiyaları maraq doğurur. Ekspertlərin fikrincə, neftin qiymətinin belə kəskin azalması qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb ola bilər.
Xatırladaq ki, 2022-ci ildə G7, Aİ və Avstraliya Rusiya neftinə 60 dollar qiymət həddi tətbiq edib və Rusiya neftinin dəniz yolu ilə daşınmasını qadağan edib.
Aİ-nin bir neçə gün əvvəl təsdiqlədiyi 17-ci sanksiyalar paketi Rusiya neftinin nəqlində istifadə edildiyi iddia edilən 189 gəmini hədəfə alıb.
TAHİR