Qasım Hacıyev: “Ermənistandan 300 min erməninin İkinci Dünya müharibəsində iştirakı saxtadır, yalandır, uydurmadır”
Ermənistan bütün istiqamətlərdə tarixi faktları saxtalaşdırmağa o qədər aludə olub ki, İkinci Dünya müharibəsində iştirak edən ermənilərin də sayını şişirtməkdən qalmayıblar.
Erməni mediası yazır ki, Ermənistandan İkinci Dünya müharibəsində 300 minə yaxın insan iştirak edib, digər respublikalardan da guya 200 mindən çox erməni cəbhəyə çağırılıb. Guya ermənilər alman faşziminin darmadağın edilməsinə başqa respublikalardan çox “töhfə” verib.
Ermənilər özlərini elə qələmə veriblər ki, guya müharibənin taleyini bunlar həll ediblər (?)
Bu saxta rəqəmləri ortaya atan Ermənistan unudur ki, təqdim etdiyi bu say gülüş doğurur.
Ermənistandan 300 min adam çağırılıb? Bu nə qədər həqiqi rəqəmdir?
Ekspertin fikirinə keçməzdən əvvəl Respublika Xatirə Kitabı Redaksiyasının böyük qürur hissi ilə hazırladığı "Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” adlı xüsusi buraxılışında qeyd olunan rəqəmlərə diqqətinizi çəkmək istəyirik.
Xüsusi buraxlışda qeyd olunur ki, həmin dövrdə 3.400 min əhalisi olan Azərbaycanda yüzminlərlə insan arxa cəbhədə çalışıb, İkinci Dünya müharibəsinə 10 min nəfəri qadın olmaqla 680 min nəfər gedib, onun 300 mindən çoxu geri qayıtmayıb.
Ermənistan isə hansısa saxta 300 mindən danışır, üstəlik, başqa respublikalardan da guya 200 min erməninin müharibəyə getdiyini deyir. Bu rəqəmlər təbii ki, həqiqəti əks etdirmir.
“Ermənistan SSR-dən İkinci Dünya müharibəsinə gedənlərin içində azərbaycanlılar daha üstünlük təşkil edirdi”
Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, XX əsrin ən ən dəhşətli müharibəsi olan İkinci Dünya müharibəsində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib, Bakı nefti də faşizm üzərində qələbənin əsas təminatçılarından biri rolunu oynayıb.
Ermənistana gəlincə, Q.Hacıyev qeyd etdi ki, o ölkədən İkinci Dünya müharibəsində iştirak edənlərin sayını onlar özləri düzüb-qoşurlar: “Həmin müharibədə Ermənistandan 300 min etnik ermənin iştirak etməsi barədə deyilənlər həqiqəti əks etdirmir və bu şişirdilmiş rəqəmdir. Faktlar da, sənədlər də var ki, Ermənistan SSR-dən İkinci Dünya müharibəsinə gedənlərin içində azərbaycanlılar daha üstünlük təşkil edirdilər. Bilirsiz ki, o respublikanın müxtəlif ərazilərində azərbaycanlılar daha çox yaşayırdılar, ermənilərin sayı elə də çox deyildi. Ona görə də, Ermənistandan 300 min erməninin İkinci Dünya müharibəsində iştirakı barədə deyilənlər saxtadır, yalandır, uydurmadır. Ola bilməz. Azərbaycan əhalisinin sayı Ermənistan əhalisinin sayından həmişə iki dəfə, iki dəfə yarım çox olub.
Ermənistandan müharibəyə gedənlərin əksəriyyəti azərbaycanlılar, bir hissəsi də ermənilər olub. Bunlar saxtakarcasına azərbaycanlıların adlarını çəkmirlər, bunu gizlədirlər”.
Q.Hacıyev hesab edir ki, Ermənistanın təqdim etdiyi rəqəmlər tamamilə saxtadır və gerçəklikdən uzaqdır.
İradə SARIYEVA