Rusiya ilə Ukrayna arasında mayın 15-ə planlaşdırılan birbaşa sülh danışıqları baş tutmayıb. Məlum olub ki, tərəflər arasında danışıqlar bu gün keçiriləcək.
Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl danışıqların mayın 15-i günortadan sonra başlayacağını bildirmişdi. Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin isə bəyan edib ki, Ukrayna nümayəndə heyəti İstanbula ancaq axşam saatlarında (mayın 15-i) çatacaq. Rusiya heyəti hazırda İstanbuldadır.
Bu arada, ABŞ dövlət katibi Marko Rubio da bu gün İstanbula gələcək və Türkiyə xarici işlər naziri Hakan Fidan və Ukrayna nümayəndə heyətinin rəsmiləri ilə görüşlər keçirəcək. “Reuters”ə danışan Rubio Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına böyük ümidlər bəsləmədiyini bildirib.
“Düşünürəm ki, real irəliləyiş yalnız prezident Tramp və prezident Putinin birbaşa prosesdə iştirak etməsi ilə mümkündür”, - deyən Rubio, liderlər səviyyəsində müdaxilə olmadan danışıqlardan əhəmiyyətli nəticə gözləmədiyini vurğulayıb.
Tramp da bildirib ki, Rusiya və ABŞ liderləri bir araya gəlməyincə Ukrayna böhranının danışıqlar yolu ilə həllində irəliləyiş əldə olunmayacaq.
"Biz Putinlə görüşməyənədək heç nə olmayacaq, başa düşürsüz? Amma biz bu məsələni həll etməli olacağıq, çünki çoxlu insan ölür" - deyə ABŞ prezidenti bildirib.
TAHİR