İstanbulda Ukrayna-Rusiya danışıqlarının nəticəsi olacaqmı? Olacaqsa, konkret nələr olacaq?..
Konkret razılaşmaların və nəticələrin olması şansı məncə yoxdur. Niyə?
Əvvəla, döyüşlərin intensiv davam etdiyi halda paralel olaraq aparılan danışıqların hansısa əhəmiyyətli nəticə verdiyinə dair nümunə yoxdur.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Burada müharibə gedir, orada danışıq gedir - məntiq yoxdur və deməli ,nəticə də olmayacaq.
2. İstanbula göndərilmiş danışıqçılar qruplarının məqsəd və hədəfləri tam fərqlidir. Ukrayna nümayəndə heyəti azı 30 günlük atəşkəs sazişinin əldə olunmasına fokuslanaraq İstanbula gedib. Rusiya tərəfi isə tam əksinə, uzunmüddətli sülh əldə etmək üçün İstanbuldadır. Hər halda Rusiya tərəfi belə iddia edir. İstanbula yola düşməzdən 1 gün əvvəl Putin danışıqçılar qrupunu qəbul edib. Qrupun rəhbəri Medinski açıq bəyan etdi ki, biz Putindən aldığımız dəqiq təlimatla hərəkət edirik, məqsədimiz münaqişənin köklü səbəblərini (?) aradan qaldırmaqla uzunmüddətli sülhə nail olmaqdır. Lavrov bir gün əvvəl qəti aydınlıqla bəyan etdi ki, atəşkəs Ukraynaya güclənmək və bizə daha güclü müqavimət göstərmək üçün hazırlaşmaq məqsədilə lazımdır. Lavrov əslində uzunmüddətli atəşkəs razılaşmasını birmənalı rədd etdi.
Beləliklə, Ukrayna nümayəndələri İstanbulda atəşkəs sazişinə, Rusiya isə uzunmüddətli sülh sazişinə nail olmaq üçün gəlib...
Bu şəraitdə nəticə əldə olunması praktik şəkildə mümkünsüzdür.
"Dəli Kür" filmindən bir fraqmenti yada salım.
Molla Sadığın bandası kəndin ortasında məktəbə uşaq yığmağa çalışan Qori seminariyasının müəllimini " kruqa salıb" öldürmək istərkən Cahandar bəy açdığı atəşlə hər şeyi pozur, müəllim Cahandar bəyə təşəkkür edərək camaatla söhbətini davam etdirmək istədiyini deyəndə, Cahandar bəy klassik bir fikir deyir: "Ay rəhmətliyin oğlu, onlar səni az qala o dünyalıq etmişdilər, sən hələ də oxumaqdan danışırsan?!"...
Ukraynada qızğın döyüşlər gedir, Rusiya nümayəndə heyəti münaqişəni kökündən həll edən(?)sazişdən danışır... Belə şey mümkündür? Məntiq də deyir ki, bu şəraitdə əldə oluna biləcək maksimal nəticə atəşkəsdir... Onu da Rusiya istəmir...”
Tahir TAĞIYEV