Cümə günü, 18 aprel 2025
     

Zərifə Əliyevanın nurlu xatirəsi hörmətlə anılır

Image

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır, yad edilir.

Zərifə xanım Əliyeva mənalı və zəngin bir həyat yolu keçmişdir. Onun qədim Azərbaycan torpağı olan ata yurdu İrəvandan kənarda, Naxçıvanın Şərur rayonunda dünyaya göz açması erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı planlı şəkildə aparılan soyqırımı siyasətinin törətdiyi fəsadlar nəticəsində baş vermişdir. Tarixi hadisələr nə qədər ağır, nə qədər kədərli olsa da, Zərifə xanımın 1923-cü il aprelin 28-də dünyaya gəlişi həm görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsinə, doğmalarına, yaxınlarına, həm də sonralar bütövlükdə Azərbaycan xalqına düşərli olmuşdur. Onun dünyaya göz açdığı ildə Əziz Əliyevin ailəsi Bakıya köçmüşdür.

Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə Əliyeva hələ gənclik illərində fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik, təvazökar bir tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər elmlərin də tədrisinə xüsusi maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. Hələ tələbəlik illərindən tibb elminin öyrənilməsinə sonsuz həvəs göstərən Zərifə Əliyeva Tibb İnstitutunda keçirilən Tələbə Elmi Cəmiyyətinin konfranslarında məruzələrlə çıxışlar edir, elmi təhlillər aparırdı.

Görkəmli oftalmoloq-alim məzunu olduğu və özü üçün “Alma mater” hesab etdiyi Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra da onu heç vaxt unutmamış, onunla daim sıx əlaqə saxlamışdır. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının həm əvvəlki, həm də indiki əməkdaşları da özlərini Zərifə xanımın yetirmələri, onun yaratdığı elmi məktəbin davamçıları hesab edirlər.

Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Lakin gənc məzun bilirdi ki, dar ixtisas, o cümlədən oftalmoloq ixtisası üzrə kamil mütəxəssis olmaq üçün institutda aldığı diplomaqədərki təhsil kifayət etmir və mütləq bir neçə il də diplomdansonrakı hazırlığa sərf edilməlidir. Bu məqsədlə o, institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi ET Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçmək stereotipindən uzaq olmağa çalışaraq, şablonlardan qaçmış, vətənə, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış, istəyinə nail ola bilmişdir. Belə ki, o, tapdanmış yollarla getməmiş, hər sahədə özü yeni elmi cığırlar açmış, bu cığırları başqalarının da keçə biləcəyi geniş yollara çevirmişdir. İkinci Dünya müharibəsinin təzəcə başa çatdığı illərdə keçmiş SSRİ-nin çox yerində olduğu kimi Azərbaycanda da traxoma xəstəliyi yenidən baş qaldırmışdı və ona qarşı aparılan ara-sıra mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarışısını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu, çünki traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu da qənaətbəxş olmadığından ölkənin ümumi vəziyyətinin nikbin qiymətləndirilməsinə əsas verən stimul belə yox idi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı Zərifə xanım Əliyeva ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq, ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlamış və həyata keçirməyə başlamışdır. Onun başlıca məqsədlərindən biri də Azərbaycanda traxoma xəstəliyinin müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur.

Gənc oftalmoloq traxoma ilə əlaqədar respublikadakı real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə öz məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər keçirirdi. O, traxomanın müalicəsində istifadə edilən mövcud üsullarla yanaşı, o dövrün güclü antibiotiklərindən hesab edilən sintomitsindən istifadə etməklə yeni və uğurlu nəticələrə nail olmuşdur. Dəyərli elmi kəşflərdən sayılan “Z.Ə.Əliyeva üsulu”nun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranmış, onun yayılmasının qarşısı alınmış və bu da tədricən xəstəliyin ləğvinə gətirib çıxarmışdır. Beləliklə, Zərifə xanımın fədakar zəhmətsevərliyi sayəsində yerinə yetirilən tibbi tədbirlər əhalinin dünya işığından məhrum olmasının, əlilliyə düçar olaraq əmək qabiliyyətini itirməsinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşməsinin qarşısını almışdır. Yalnız bundan sonra dissertasiya müdafiə etməyi qərara almış və 1959-cu ildə o, sərbəst surətdə yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

O, 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə öz dəyərli töhfələrini vermişdir. SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə “Böyük elmi işçi” elmi adını təsdiq etmişdir.

Zərifə Əziz qızı Əliyeva göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, daim yeniliyə can atır, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini ön plana çəkirdi. O, yalnız ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyanda və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edir, həm xəstələrin müalicəsinə, onların iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına diqqət yetirir, onlarda ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərirdi. Bununla da Zərifə xanım Əliyeva peşə amillərinin törətdikləri göz xəstəliklərinin və bütövlükdə orqanizmi tam şəkildə müalicə edərkən, təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin bacarıqlı alim-ekoloq kimi tanınmışdır. Zərifə xanım ölkəmizdə ilk dəfə olaraq həm oftalmologiyanın peşə etiologiyalı xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının, həm də ekoloji təmizlik ideyasının əsasını qoymuş, bu ideyanın praktik səhiyyədə həyata keçirilməsinə nail olmuşdur.

O, ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlamış, əvvəlcə kafedrranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri vəzifələrini yüksək səviyyədə yerinə yetirərək, həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmış, müxtəlif mövzulu monoqrafiyaların, tədris-metodik göstərişlərin, dərs vəsaitlərinin yazılmasına böyük əmək sərf etmişdir. Onun Sovet İttifaqında hələ o dövrdə böyük nüfuz qazanmış Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə SSRİ-nin müxtəlif guşələrindən gəlmiş və təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.

Zərifə xanım Əliyeva ADHTİ-da çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikası və müalicəsi ilə ciddi məşğul olmuşdur. O, peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintez” istehsalat Birliyində, Mingəçevir “İzolit” və rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım Əliyeva bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə, orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Alim zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə, bütövlükdə onların ayrı-ayrı orqanlarını da müxtəlif növ toksinlərin təsirindən mühafizə edərək birbaşa insanların həyatını qoruyurdu.

Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü alim özünün tutarlı əyani dəlillərə əsaslanan nüfuzedici çıxışında elmi istiqamətlərinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını Moskvada keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha təsdiq edərək, onların rəğbətini qazanmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.R.Nesterov akademik Z.Ə.Əliyevanın doktorluq dissertasiyasının müdafiəsi gününü xatırlayaraq yazır: “Həmişə olduğu kimi, Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu yanındakı İxtisaslaşdırılmış Şuranın iclası adət etdiyimiz rəsmi qaydada başladı. Kürsiyə bəstəboy, qara saçlı, suyu şirin, iri gözlü, qaynar baxışlı bir qadın qalxdı. Onun nitqi dəqiq və aydın tələffüzü ilə, ən çətin məsələləri belə sadə dildə ifadə etmək bacarığı ilə seçilirdi. O, məruzənin ayrı-ayrı məqamlarına rəngli slaydlarla, qrafiklərlə, cədvəllərlə aydınlıq gətirirdi. Zərifə Əziz qızının məruzəsi şurada diqqətlə dinlənildi. Rəsmi və qeyri-rəsmi opponentlərin rəyləri yekdil idi. Gizli səsvermə yolu ilə şura yekdilliklə Zərifə Əziz qızı Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi vermək barədə qərar çıxardı.

Müdafiədən sonra biz Zərifə xanımla bəzi istehsalat məsələlərini müzakirə etmək üçün görüşdük və beləcə, uzunmüddətli ailə dostluğunun əsası qoyuldu. 21-22 oktyabr 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin VII plenumunun keçirilməsi cəmiyyətin həyatında mühüm hadisəyə çevrildi. Həmin plenumda 200 nəfər iştirak edirdi. Plenumda ölkənin görkəmli alimləri uşaqların görmə qabiliyyətinin mühafizəsinə, qlaukomanın profilaktikasına və müalicəsinə, ağır göz zədələrinə həsr olunmuş məruzələrlə çıxış etdilər...

Zərifə xanımın həmin plenumda kimya sənayesi müəssisələrində görmə orqanının peşə xəstəliyinə həsr olunmuş məruzəsi hamının diqqətini cəlb etdi. Qeyd etmək lazımdır ki, ÜOEC-nin İdarə Heyətinin plenumunda oftalmologiyada ayrıca əsas istiqamət sahəsi kimi peşə patologiyasının problemləri ilk dəfə müzakirə olunurdu. Zərifə Əziz qızı rəhbərlik etdiyi kollektivin apardığı tədqiqatların əsas nəticələrini şərh edərək kimya və neftkimya sənayesinin sürətli artımına diqqət çəkdi. Z.Ə.Əliyevanın plenumdakı məruzəsi və onun müzakirəsi görmə orqanının peşə patologiyası üzrə tədqiqatların gələcək inkişafına təkan verdi”.

Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Əliyeva ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu bu elmi adı da təsdiq edilmişdir.

Tibb elmləri doktoru, professor Z.M.Skripniçenko “Alim ömrü” adlı xatirəsində akademik Z.Ə.Əliyeva ilə ilk görüşünü belə xatırlayır: “Bizim ilk görüşümüzü daha dəqiq xatırlayıram. Oktyabr 1977-ci il. Akademik V.P.Filatov adına Odessa Göz Xəstəlikləri İnstitutunun nümayəndə heyəti Azərbaycan oftalmoloqlarının elmi konfransında iştirak etmək üçün Bakıya gəlib. Odessadan gələn konfrans nümayəndələrini aeroportda mehribanlıqla qarşılayıb, rahat mehmanxanada yerləşdirdilər. Daha sonra sabah öz işinə başlayacaq konfransın keçiriləcəyi yerə apardılar.

Konfrans başladı. Dinlədiyimiz məruzələrdən ən çox professor Z.Ə.Əliyevanın Azərbaycanın şin istehsalı sahəsində gözün peşə xarakterindən asılı olaraq zədələnməsi barədə etdiyi çıxış yadda qaldı...”

Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda professor Zərifə xanım Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması haqqında təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etdilər. Professor Z.Əliyeva 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi və görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış, təcrübədə əyani olaraq geniş tətbiq edilmişdir. Professor Zərifə xanım Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.

1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.

Akademik Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.

Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.

Akademik Z.Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün əlaqədar dəyişiklikləri və görmə-sinir yolları” adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı fundamental “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

Zərifə xanım elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Onun qələmə aldığı “Yüksək etimad” kimi kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir həkim, bir şəxsiyyət kimi formalaşmalarında böyük əhəmiyyət kəsb edən əsərlər olaraq qalacaq və aktuallığını heç vaxt itirməyəcəkdir.

Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Z.Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Akademik Z.Ə.Əliyeva həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Akademik Zərifə Əliyeva 1985-ci ilin aprel aynının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb işçilərinin ona olan məhəbbətinin əbədiliyi artıq vaxt, zaman çərçivəsindən çıxaraq sonsuzlaşmış, daimiləşmişdir.

Akademik Zərifə Əziz qızı Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Onun unudulmaz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Əhliman ƏMİRASLANOV
akademik, SSRİ Dövlət Mükafatı laureatı,
Milli Məclisin Səhiyyə komitəsinin sədri



VİDEO

Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

Paşinyanın aparatı Türkiyə-Azərbaycan qardaşlığını təxribata çəkir... - VİDEO

İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

İsrail və Türkiyə yüksələn gərginlik içində - bəlkə Azərbaycanın hesabına geridönüş mümkün oldu...

Mərkəzi Asiyanın türk dövlətləri hələ "duza gedirlər"....

Eyni anda sülh sazişi imzalanır və Minsk Qrupu buraxılır - buna gedəkmi?

SON XƏBƏRLƏR

18.04.2025 / 00:35
Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırdı

17.04.2025 / 21:17
ABŞ-ın Suriyadan çəkilməsi kimə qarşı çevrilib?..

17.04.2025 / 21:02
"Turana" baş qoyanlar, 12 milyarda satılanlar... Türk dünyasını bölənlər...

17.04.2025 / 20:46
Şimal-Cənub dəhlizində Azərbaycanın hesabına yeni addımlar atılır...

17.04.2025 / 20:31
Ermənistan sazişdən əvvəl Azərbaycanla kommunikasiyaları açmaq istəyir...

17.04.2025 / 20:17
"Göyçədə bəzi ərazilərin Azərbaycana verilməsinə hazırlıq gedir" - Ermənistanda revanşistlər ayağa qalxır...

17.04.2025 / 20:02
İki dövlət Cənubi Qafqazın taleyini birlikdə dəyişir...

17.04.2025 / 19:47
Türkün vahid ordu strategiyası reallaşır - Azərbaycanla Türkiyə öndə...

17.04.2025 / 19:33
Ermənistan yola gəldi - Cənubi Qafqazda üçtərəfli formata qoşulur...

17.04.2025 / 19:19
İşğaldan azad edilmiş bölgələrdə qoyunçuluqda aşkar tənəzzül başlayıb...

17.04.2025 / 19:05
Bu qərar Paşinyanın devrilməsinə səbəb ola bilər...

17.04.2025 / 18:51
Lavrov beynəlxalq hüququn müstəsna prinsipini irticaçı şəkildə şərh etdi...

17.04.2025 / 18:37
Gürcüstanın Azərbaycanla yaxınlaşmasında unikal motiv - əbədi dostluq, ya taktiki gediş...

17.04.2025 / 18:24
Ermənistan Rusiya-Belarus ittifaq dövlətinə qoşula bilər - ideya atıldı...

17.04.2025 / 18:15
"Minsk qrupu aktuallığını itirib və buraxılmalıdır" - Rusiya XİN

17.04.2025 / 18:09
Blogerlərin xaricdən gətirilməsi üçün yeni hüquqi addımlar atılacaq - prokurorluğun vaxtı bitdi...

17.04.2025 / 17:55
Macarıstanın Ermənistana budəfəki vetosu uğurlu olacaqmı?...

17.04.2025 / 17:45
“Dəmir atlı” qəhrəmanın qardaşı - FOTO

17.04.2025 / 17:41
Vaxtilə Ermənistan təcavüzünü müdafiə edənlər bu gün Bakıda mühakimə olunan erməniləri himayə edir...

17.04.2025 / 17:35
Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin edildi

17.04.2025 / 17:28
Avropa xəritəyə baxsın - Azərbaycan-Gürcüstan tandeminin nə olduğunu bilər...

17.04.2025 / 17:22
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəsmilərinin üçtərəfli görüşü keçirildi - FOTO

17.04.2025 / 17:15
Yağış qurbanlarına kompensasiya hansı şərtlərlə ödənəcək?..

17.04.2025 / 17:02
Tramp və Əhməd əl-Şaraa dünyanın ən nüfuzlu adamları siyahısına daxil edildi

17.04.2025 / 17:01
Fransanın həyasızlığı heç bir sərhəd tanımır

17.04.2025 / 16:59
İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar cərimələnəcək - FƏRMAN

17.04.2025 / 16:51
ABŞ-la ticarət müharibəsində Çinin ən güclü “kozırı” – ABŞ-ın məşhur F-35 qırıcıları da problemlə üzləşəcək...

17.04.2025 / 16:45
Daha 3 qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

17.04.2025 / 16:43
Prezident Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumunu təsdiqlədi

17.04.2025 / 16:34
"Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyir" - Prezident İlham Əliyev

17.04.2025 / 16:26
BMU ilə Pekin Kimya Texnologiya Universiteti ikili diplom proqramına dair müqavilə imzaladı

17.04.2025 / 16:25
Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - Ermənistan razılaşmanın icrasını hələ də həyata keçirməyib

17.04.2025 / 16:10
Orduxan Bəbirov da Baş Prokurorluğa çağırıldı

17.04.2025 / 16:05
Dövlət Neft Fondunun aktivləri 62,7 milyard dolları ötdü

17.04.2025 / 15:56
Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf etdi

17.04.2025 / 15:40
Buraxılış imtahanında iştirak edən 11 nəfərin nəticəsi ləğv olundu

17.04.2025 / 15:32
Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşdən danışdı...

17.04.2025 / 15:25
Vətənə əbədi sevgi

17.04.2025 / 15:11
Ermənilər olmayan qurumda kimin prezident olacağını müzakirə edirlər

17.04.2025 / 15:08
Heçmi əliniz titrəmədi: -“Mərkəzi Asiya liderləri qardaşlığı AB-nin 12 milyard avrosuna satdılar”

17.04.2025 / 15:06
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

17.04.2025 / 14:41
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı - FOTO

17.04.2025 / 14:23
Aİ Avropa liderlərinə Rusiyaya getməyi qadağan etdi, Slovakiyadan sərt cavab gəldi - 1939-cu ildə yaşamırıq...

17.04.2025 / 13:56
"Qarabağda və Şərqi Zəngəzurda Sloveniya şirkətləri üçün əməkdaşlıq imkanları mövcuddur" - Ceyhun Bayramov

17.04.2025 / 13:41
"Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır" - Emin Hüseynov

17.04.2025 / 13:35
Bakıda 45 yaşlı kişini hədələyib 169 min manatını əlindən aldılar...

17.04.2025 / 13:22
Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn ediləcək...

17.04.2025 / 13:10
Что творится в России против кыргызов? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.04.2025 / 12:53
Azərbaycan və Sloveniya XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

17.04.2025 / 12:41
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək verməyə hazırıq" - İran XİN

17.04.2025 / 12:28
“Zəngəzur dəhlizinin açılması bölgədə Azərbaycanın iqtisadi hökmranlığını gücləndirəcək”

17.04.2025 / 12:10
Vüqar Rəhimzadə: Zəngəzur dəhlizi regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək

17.04.2025 / 12:05
Benni Qantz: "İsrail İranı vura bilər və vurmalıdr"

17.04.2025 / 12:00
Ərakçi Xaməneinin xüsusi məktubunu Putinə təqdim edəcək

17.04.2025 / 11:42
Türkmənistan qazı benzinə çevirəcək - Yaponiyanın dəstəyilə....

17.04.2025 / 11:23
Ordumuzun zabiti Türkiyədə vəfat edib

17.04.2025 / 11:18
Slovakiyanın müdafiə nazirinin Ermənistanı işğalçı adlandırması ermənilərə "od qoydu"

17.04.2025 / 11:12
"Hazırkı yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir" - Prezidentin xüsusi nümayəndəsi

17.04.2025 / 11:06
Bu gün Avroliqada yarımfinalçılar məlum olacaq

17.04.2025 / 11:03
Ermənistan əsl böhrana indi girir - CANLI

17.04.2025 / 11:00
Şabranda çaydan iki meyit tapılıb

17.04.2025 / 10:32
Hafiz Paşayev Yaradıcı Mərkəzdə yaradılan şəraitlə tanış olub

17.04.2025 / 10:30
Tramp İsrailin arzusunu ürəyində qoydu

17.04.2025 / 10:28
Pekində Çin–Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilir

17.04.2025 / 10:27
Ağsu aşırımında torpaq sürüşməsi olub

17.04.2025 / 10:25
Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

17.04.2025 / 10:23
Rusiya Qələbə Paradında Avropaya güc nümayiş etdirmək istəyir

17.04.2025 / 10:20
Prezident İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib

17.04.2025 / 10:16
Mbappe "Real"da çöküb - antirekord

17.04.2025 / 10:10
Bu gün Tbilisidə üç ölkənin XİN müavinləri arasında danışıqlar olacaq

17.04.2025 / 10:06
Əli Əsədov hökümətin bu iki qərarını ləğv etdi -QƏRAR

17.04.2025 / 10:00
"Sülh səfiri olmaq istəyirəm" - Van Damm Putinə üz tutdu

17.04.2025 / 09:31
Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub - FHN

17.04.2025 / 09:28
Şuşada I İslam Dünyası Mədəni Forumu işə başlayıb

17.04.2025 / 09:27
Azərbaycanda bahalı avtomobillərin bu qədər çoxalması nədən xəbər verir - 2 milyona avtomobil olar?..

17.04.2025 / 09:18
“Real” ŞOKDA, “Arsenal” və “İnter” yarımfinalda...

17.04.2025 / 09:06
Britaniyadan QƏRAR - Avropa İttifaqından bu məhsulların gətirilməsi QADAĞAN edildi!

17.04.2025 / 09:00
Küçələrdə yaşayırdı, lotereyadan 1 milyon dollar udub həyatını dəyişdi...

17.04.2025 / 08:42
Pezeşkian Cavad Zərifin istefasına "hə" dedi

17.04.2025 / 08:32
Qızılın qiyməti fantastik sürətlə qalxacaq - Azərbaycanda artıq 150 manat qalxıb...

17.04.2025 / 00:14
Türkiyə və Azərbaycan vahid ordu yaradır - Hulusi Akar açıqladı...

Vaxtilə Ermənistan təcavüzünü müdafiə edənlər bu gün Bakıda mühakimə olunan erməniləri himayə edir...

XƏBƏR ARXİVİ