Tramp administrasiyası bu yaxınlarda ABŞ və onun Avropadakı NATO müttəfiqləri arasında Ukrayna ilə bağlı ümumi mövqeyi kənara qoyaraq Rusiya ilə birbaşa danışıqlara başladı. ABŞ prezidenti Tramp öncə Rusiya prezidenti Putinlə, ardından Ukrayna prezidenti Zelenski ilə görüşdü.
Bununla belə, Putinin danışıqlar zamanı Ukrayna üçün sərt şərtlər irəli sürə biləcəyi bildirilir. Digər tərəfdən, Avropada ABŞ-ın təqdim etdiyi sülh planının Rusiyaya ciddi güzəştləri nəzərdə tutduğu və Avropanın prosesdən kənarda qala biləcəyi ilə bağlı narahatlıqlar artır. “CNN İnternational” xəbər verir ki, Avropa liderləri Tramp administrasiyasının Ukraynada Rusiya ilə müharibəyə son qoymaq üçün apardığı danışıqlara Avropanın daxil edilməyəcəyi ehtimalına qarşı fövqəladə sammit keçirməyə hazırlaşır.
bazar ertəsi Parisdə fövqəladə sammitdə iştirak edəcəyi gözlənilən Britaniyanın baş naziri Keir Starmer bildirib ki, ABŞ və Avropanın birliyini qorumağa çalışacağıq: “Qarşılaşdığımız xarici təhdidlərlə bağlı alyans daxilində parçalanmalara icazə verə bilmərik".
Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna prezidenti Zelenski isə deyib ki, Avropa Rusiyaya qarşı öz ordusunu yaratmalıdır. NATO-dan müstəqil “Avropa Ordusu”nun yaradılmasına çağıran Zelenski dyib ki, Ukrayna ordusu olmadan Avropa ordusu Rusiyanı dayandıra bilməz və Avropanın təhlükəsizliyi üçün hərbi əməkdaşlıq artırmalıdır.
Avropanın sülh danışıqlarından kənarda qalma ehtimalına diqqət çəkən Zelenski bildirib ki, Ukrayna heç vaxt bizim adımıza başqalarının qərar verməsini qəbul etməyəcək. Eyni qayda Avropaya da şamil edilməlidir.
Trampın təklif etdiyi sülh planına görə:
- Rusiya müharibədə irəliləməyi dayandıracaq.
- Avropa qoşunları yeni hərbi bufer zona yaradacaq, lakin bu ərazidə ABŞ hərbçiləri olmayacaq.
- Ukrayna NATO-ya daxil ola bilməyəcək, lakin 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcək.
- Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin itirilməsi ilə barışacaq.
- ABŞ Ukrayna ordusunu dəstəkləməyə davam edəcək.
Lakin Zelenskinin komandası bunun Rusiya təbliğatı ola biləcəyini əsas gətirərək planı rədd edir.
Digər tərəfdən, Zelenski Trampın ilk olaraq Putinlə görüşündən narahat olduğunu bildirib və Ukraynanın taleyinin onlardan xəbərsiz müəyyən edilməsinə qarşı çıxıb. ABŞ Səudiyyə Ərəbistanında danışıqlara başlamağı planlaşdırır. CNN mənbələrə istinadən bildirir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, dövlət katibi və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi yaxın günlərdə Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşəcəklər,.
TAHİR