Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına müsahibəsində deyib ki, Kərkinin Başkəndlə dəyişdirilə biləcəyindən, anklavlar məsələsinin də bu məcrada həll olunacağından danışıblar:
“Başkənd anklavdır, ora çatmaq üçün bizə dəhliz lazımdır. Yaxud Kərkiyə çıxış əldə etmək üçün onlara dəhliz lazımdır”.
Melkonyanın sözlərinə görə, danışıqlarda erməni tərəfinin tələbləri ondan ibarətdir ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanısın, həmçinin Cermuk və Zod ərazilərindən geri çəkilsin.
Bu iddiaların nə dərəcədə əsaslı olub-olmadığı barədə fikir yürüdə bilmərik, çünki bu barədə yalnız erməni mətbuatı yazıb. Böyük ehtimalla, daxili auditoriyaya hesablanmış iddialardır və doğruluq əmsalı ciddi şübhə doğurur. Lakin istənilən halda maraqlıdır, Azərbaycan Kərki ilə Başkəndi dəyişmək variantına gedərmi?
Demokratik Dəyişim Partiyasının (DDP) sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsinə dair danışıqların getməsi normaldır: “Amma bu məsələləri, informasiyaları bizim erməni mənbələrindən əldə etməmiz normal deyil. Əgər Ermənistan tərəfi bunu şəffaf edirsə, eyni zamanda ictimai rəyi daha tez formalaşdırmaq imkanı əldə edirsə, əlbəttə, bu onların avantajı, üstünlüyüdür və biz də bunu anlamalıyıq. Mən düşünürəm ki, Azərbaycan tərəfi də xalqla, ictimaiyyətlə zəruri məsələləri paylaşmalıdır. Tək ölkə daxilində deyil, dünyadakı ictimai rəyin hazırlanmasında, formalaşmasında ilkin informasiyanın hardan çıxması çox önəmlidir. Bu baxımdan düşünürəm ki, bizim hökumət öz informasiya siyasətini yenidən daha düzgün qurmalıdır, ictimai rəyə təsir edəcək məqamları nəzərə almalıdır. O ki qaldı tərəflərin anklavlarla bağlı razılaşmasına, Başkənd bizim üçün vazkeçilməzdir. Qazaxın 7 kəndini və Kərkini də bütün hallarda qaytarmaq lazımdır. Azərbaycan-Ermənistan sərhədlərinin doğru-dürüst müəyyənləşməsinə də əmin deyiləm. Böyük ehtimalla, bu sərhədlər sovet dönəmində açıq formada, hər zaman Azərbaycanın zərərinə dəyişdirilib. Ona görə də, bu sərhəd məsələsini dəqiqləşdirəndən, delimitasiya və demarkasiya məsələlərindən sonra bu son durumları müzakirə etmək olar”.
Azərbaycanın demarkasiya Komissiyasının sədri Baş nazirin müavini Şahin Mustafayevdir. Ermənistanın Noyemberyan rayonunun Cucevan kəndində anadan olan bu şəxs orta məktəbi qızıl medalla bitirib. Sonra İrəvan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Erməni jurnalistləri Cucevanda olub və Mustafayev haqqında video çəkib. Videoda Azərbaycanın hazırkı Baş nazirinin müavini, keçmiş iqtisadiyyat naziri, hazırda sərhəd məsələləri komissiyasının sədri Şahin Mustafayevin müəllimləri, dostları və həmkəndliləri onun haqqında danışırlar. Müəllim dərsliyi göstərir, bildirir ki, Şahin Mustafayev erməni ədəbiyyatı və erməni tarixi fənlərindən ancaq əla qiymətlər alıb. Erməni psixologiyasına, ünsiyyət formasına yaxşı bələd olan, erməni tarixini, ədəbiyyatını yaxşı bilən belə bir şəxsin danışıqlar prosesində sona qədər prinsipiallıq göstərəcəyinə qəti şübhə yoxdur. Bundan əlavə, belə vacib proses həm də ölkə başçısının birbaşa nəzarətindədir. Azərbaycan cəmiyyətinə ərazi mübadiləsi ilə bağlı hansısa məlumat verilməyibsə, deməli, böyük ehtimalla bu, növbəti erməni uydurmasıdır. Azərbaycana aid olan anklavların hər biri bizim özümüzə mütləq mənada qaytarılmalıdır. Ermənistan həm də bununla bağlı üzərinə vacib öhdəlik götürüb”.
Məhəmmədəli QƏRİBLİ