Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var və bu, sevindirici haldır:
“Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdisə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb”.
Bunları deyən dövlət başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.
Ermənistanın mövqeyindəki bu yenilik nəyin hesabına baş verib?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin hələ 2010-ci ildə qəbul edilmiş qanuna əsasən həyata keçirildiyini söyləyib:
“O deyib ki, Zod kənd icması Qeqarkunik vilayətinin cənub-şərq istiqamətində yerləşib və şimaldan və şimal-şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir. Qanun Naxçıvan, Qarabağ və Tovuz-Qazax bölgəsində iki ölkənin dövlət sərhədləri barədə detallı məlumat verir. Baş nazirin sözlərinə görə, faktiki olaraq, qanun layihəsi Ermənistanın Azərbaycanın dünya birliyi tərəfindən tanınan dövlət sərhədlərini qəbul edir. Paşinyan Serj Sarkisyanın dövründə parlamentin "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsinə Respublika Partiyasının, "Çiçəklənən Ermənistan" Partiyasının və "Daşnaksütyun" Partiyasının səs verdiyini xatırladıb. O, Ermənistan ordusunun məhz 2010-cu ildə müəyyən olunmuş sərhəd xəttinə geri çəkildiyini əlavə edib. Qanun layihəsinin mətni hissələr şəklində sosial şəbəkələrdə paylaşılıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda da qeyd olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Praqada Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin dəvəti ilə görüşüblər.
Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və sərhəd komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək.
Bundan sonra Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycanın 86.600 kv. kilometrlik ərazi bütövlüyünə anklavlar da daxildir:
“Ermənistanın 29.800 kv. kilometrlik ərazisinə Artsvaşen (Başkənd), Azərbaycanın 86.600 kv. kilometrlik ərazisinə isə üç anklav da daxildir”. Təbiidir ki, Ermənistanı bu mövqeyə gətirən amillər var. Ölkə başçısının ardıcıl və prinsipial mövqeyi, Azərbaycan Ordusunun müharibədə və ondan sonrakı dönəmdə nümayiş etdirdiyi güc erməniləri bu reallıqları qəbul etməyə vadar etdi. Ancaq hələ ki, bunu sözdə ifadə edirlər. Ümidvarıq ki, onlar bunu əməldə də yerinə yetirəcəklər. Bunun üçün anklavların geri qaytarılması və Qarabağdakı separatizmə son qoyulması lazımdır. Yaxın zamanda bu addımlar da reallaşacaq”.
Məhəmmədəli QƏRİBLİ