Zəngəzur dəhlizi Orta Dəhlizin və ya Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin marşrutuna uğurla uyğunlaşır. Bunu bu günlərdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. Nazir əlavə edib ki, Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, regionun digər ölkələri üçün də bir çox üstünlükləri var.
Onun sözlərinə görə, bu dəhliz yüklərin daha sürətli daşınmasını təmin edəcək və bu, tranzit üçün ən əlverişli yoldur. R.Nəbiyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından regionun bütün ölkələri, o cümlədən Ermənistan faydalana bilər.
Beləliklə, bu açıqlamadan görünür ki, Azərbaycan əslində Zəngəzur dəhlizinin reallaşması, onun Orta Dəhlizə uyğunlaşdırılması istiqamətində əməli addımlar atır. İrəvan əvvəllər buna müqavimət göstərirdisə, indi vəziyyət dəyişir. Düzdür, İrəvanda hələ də iddia edənlər var ki, Zəngəzur dəhlizi Ermənistan üçün "qırmızı xətdir". Amma reallıq tamam fərqli mənzərəni üzə çıxarır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın rəhbərləri – İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri Zəngəzur dəhlizinin reallaşma ehtimalının yüksək olduğunu göstərir. Mişel bu xüsusda bildirib: "Əlaqələrə gəlincə, tərəflər nəqliyyatın açılması və iqtisadi əlaqələr istiqamətindəki danışıqlarda irəliləyiş əldə ediblər. İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu xətlərinin yenidən açılması ilə bağlı. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb". O, həmçinin, bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının köməyindən istifadə etmək barədə razılığa gəlindiyini deyib. Şarl Mişelin bəyanatında tərəflərin dəmir yolunun inşasına və Naxçıvana və Naxçıvandan keçməklə dəmir yolu xəttinin açılmasına, həmçinin onların Brüsseldəki Ümumdünya Gömrük Təşkilatına dəstək üçün müraciət etməsinə sadiqliyi barədə yer alan sözlər ondan xəbər verir ki, Zəngəzur dəhlizinin ən azı dəmir yolu seqmenti ilə bağlı artıq tərəflər arasında razılıq əldə olunub. Buradan belə nəticə çıxarmaq olar ki, yüklər Çindən Xəzər dənizi vasitəsilə Azərbaycana göndəriləcək, sonra həmin Zəngəzur dəhlizi ilə dəmir yolu vasitəsilə Naxçıvana və daha sonra Muxtar Respublikanın ərazisindən Türkiyə və Avropaya yola salınacaq. Gələcəkdə isə təkcə yüklərin deyil, həm də sərnişinlərin daşınması həyata keçiriləcək. Bundan başqa, ola bilər ki, Ermənistandan İrana Naxçıvandan keçməklə dəmir yolu əlaqəsi olsun, yəni yəqin ki, söhbət Ermənistanın yüklərinin Culfa körpüsü vasitəsilə keçməsindən gedir. Bütün bunlar o deməkdir ki, əvvəla, Naxçıvan ərazisi Çin və Avropanı birləşdirəcək, ikincisi, Culfa vasitəsilə Ermənistandan İrana yol açılacaq. Məsələnin bu tərəfinə nəzər salan Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Brüsseldə keçirilən görüşdə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icra edilməyən bəndləri ətrafında bir daha müzakirələr aparıldı və Ermənistan Zəngəzur dəhlizin açılmasının zəruriliyini etiraf etdi. Yəni ölkəmiz imzalanmış razılaşmalara sadiqdir və Ermənistandan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir: “Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının da marağındadır. Çünki dünya nizamında baş verən dalğalanmalar yeni əməkdaşlıq marşrutlarının meydana çıxmasını zəruri edib. Belə ki, son illər Orta Dəhliz vasitəsilə daşımalar əhəmiyyətli dərəcədə artıb. Amma mövcud marşrutun ötürücülük gücü bu günün potensialını əhatə etməyə imkan vermir. Ona görə də Zəngəzur dəhlizi mütləq şəkildə açılmalı, Asiyadan Avropaya və əks istiqamətə daşınacaq yüklərin müəyyən qismi, o cümlədən enerji marşrutların bir hissəsi buradan keçməlidir. Avropa İttifaqı da Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə Nikol Paşinyana imza atdığı sənədə riayət etməsinin labüdlüyünü başa salmış oldu”.
Ekspertlər qeyd edir ki, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin, Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Həmçinin Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat arteriyası olacaq. Zəngəzur dəhlizi indi təcrid durumuna düşən Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bundan başqa, bu, regionun beynəlxalq dəhlizlərdəki mövqeyini daha da gücləndirəcək.
Ramil QULİYEV