Avropa İttifaqı Şurasının prezidentinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel formatında sayca beşinci görüş daha çox ölkəmiz üçün müsbət məqamlarla yadda qaldı.
Ümumiyyətlə, bu görüş iki ölkə arasında sülhün əldə edilməsi, normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı hesab edilir. İlk növbədə o baxımdan ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib.
Digər tərəfdən, Brüssel görüşündən sonra Paşinyanın verdiyi açıqlamalar da bəzi parametrlər baxımından xüsusi diqqət cəlb edir. Belə ki, Azərbaycan münasibətlərin normallaşmasını vacib hesab edir və bunu artıq erməni tərəfi də qəbul edir. Paşinyanın Çexiyanın “Respekt” nəşrinə müsahibəsində dedikləri də bunu təsdiq edir. O bildirir ki, Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır: “Biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu çox sadə görünür, lakin onun həyata keçirilməsi onlarla problemlə bağlıdır: bəzi psixoloji və praktik problemlər var. Belə bir mesajın həzm edilməsi Ermənistan cəmiyyəti üçün asan deyil”. Paşinyan əlavə edib ki, Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlərə malikdir və bu münasibətləri yaxşılaşdırmaqda davam etməlidir. Onun sözlərinə görə, indi Ermənistanın Türkiyə və Azərbaycanla, demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır. Brüssel görüşünün digər mühüm məqamı, yuxarıda qeyd olunduğu kimi, ərazi bütövlüyü prinsipi üzrə bir daha gəlinən razılıqla Ermənistanın təcavüzkar niyyətlərinin üzərindən bir daha xətt çəkilməsi olub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yaydığı bəyanatda da ifadə olunduğu kimi, tərəflər 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə, Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq ediblər. Ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində də “Alma-Ata Bəyannaməsi”nə müvafiq olaraq eyni qənaətə gəlinib. Lakin Fransanın pozuculuq fəaliyyəti və İrəvanın da arzusu ilə proses qeyri-müəyyən vəziyyətdə donub. Amma ölkəmizin qətiyyətli addımları ilə İrəvan nəinki danışıqlara qayıtmaq məcburiyyətində qalıb, həm də Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada qəbul edib. Brüssel prosesinin ən diqqətçəkən məqamlarından biri, məhz rəsmi Parisin çoxsaylı cəhdlərinə baxmayaraq, prosesin dağılmaması fonunda Bakının Fransanı oyundankənar vəziyyətə salmasıdır. Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov bu xüsusda qeyd edir: “Brüsseldə görüş oldu, amma Makron orada yoxdur. Mən deyəndə ki, Paşinyanın sözləri dəyərsizdir, inciyirlər. Nikolun özü Qərbin vasitəçiliyi ilə İlham Əliyevlə görüşdə yalnız Makron iştirak edəcəyi təqdirdə iştirak edəcəyini bildirib. İndi Brüsseldəki görüşün gündəliyinə baxırıq, amma Makron orada yoxdur. Mişellə ayrıca görüş və Əliyev-Paşinyan-Mişel formatında üçtərəfli görüş var. Makron haradadır? Makronsuz görüşməyəcəyəm demirdin? Paşinyan, Makrona da “atdın”? Sözünə əməl etmirsən, qarşındakı adamdan nə gözləyirsən?”.
Bunlarla yanaşı, digər parametrlər baxımından da görüş mühüm önəm kəsb etdi. Məsələn, Şarl Mişel mətbuata açıqlamasında da Azərbaycanın Qarabağ iqtisadi rayonunu bizim mövqeyimizə uyğun formada - keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti” formasında ifadə etməklə vəziyyətin Bakının beynəlxalq hüququn ehtiva edən mövqeyinə uyğun irəlilədiyini göstərib. Açıqlamada, həmçinin, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən ayrıca bəhs olunması, həmin əhalinin hüquqlarının, təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhz yalnız Azərbaycanın subyektiv tərəf kimi tanınması bu məsələlərin Bakının daxili işi olması barədə mövqeyinin artıq sual yaratmadığını göstərir. Görüşün başqa bir önəmi ondan ibarətdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa İttifaqı tərəfindən dəstəklənmiş oldu. Nəticədə də Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi. Elə bu səbəbdən erməni politoloq Qrant Məlik-Şahnazaryan görüşlə bağlı qeyd edir ki, Azərbaycan prezidenti Əliyev maksimalist tələblər irəli sürür, Paşinyan isə onları yerinə yetirir: “Nikol bunu Avropa və Amerika diplomatiyasının himayəsi altında edir. Orada heç bir danışıq aparılmır. Bakının tələbləri var və İrəvan, eləcə də Avropa birlikdə bunu Ermənistan əhalisinə təqdim etmək imkanlarının axtarışındadır. Danışıqlarda hər şey aydındır və Şarl Mişel danışıqların gedişi barədə kifayət qədər aydın məlumat verib. Bu, Qarabağın Azərbaycanın bir hissəsi kimi tam tanınması, Qarabağ ermənilərinə zərrə qədər də olsa suverenlik verə biləcək hər hansı mexanizmlərin rədd edilməsi, sərhədlərin demarkasiyası və delimitasiyasıdır. Bütün bunlar Azərbaycanın tələblərinin əsasını təşkil edir”. O qeyd edib ki, Rusiyanın bütün bu proseslərə necə reaksiya verəcəyi bəlli deyil: “Qərb Rusiyanı təkcə hərbi deyil, həm də diplomatik mənada regionumuzdan çıxarmaq üçün əlindən gələni edir”. Belə vəziyyətdə rusiyalı ekspert Modest Kolerov isə qeyd edir ki, Ermənistanın siyasəti nəticəsində rus ordusu Qarabağdan çıxacaq: “Ermənistanın Qarabağdan imtina etməsi bu qənaətin nəticəsidir. İllər əvvəl Qarabağla bağlı qərarı artıq Paşinyan verib, bu isə Qarabağın xeyrinə deyil”. Kolerovun sözlərinə görə, sülhməramlıların mandatı müəyyənləşdiyi üçün Rusiya indi heç nə edə bilməz: “İstənilən tərəf Rusiyaya deyəcək: hara müdaxilə edirsən, sənin sülhməramlı mandatın var, başqa səlahiyyətin yoxdur. Sülh müqaviləsi imzalanacağı təqdirdə sülhməramlılar keçid dövrü üçün orada qalacaqlar, sonra isə onların qalma müddəti uzadılmayacaq. Rusiya hazırkı ssenariyə müdaxilə edə bilməz, çünki bu, tamamilə Ermənistan və Azərbaycandan asılıdır. Rusiya bunu dəyişə bilməz”.
Nahid SALAYEV