Paşinyan erməni KİV-inə açıqlamasında növbəti dəfə bəyan eləyib ki, Azərbaycanla Ermənistan arasında etimad mühiti yaransa sülh sazişi imzalana bilər. Etimad mühitinin yaranması üçün ilk növbədə, dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam olmalıdır.
Liderlər atdıqları imzaya hörmət etməli, götürdükləri öhdəlikləri dönmədən icra etməlidirlər. Çox təəssüf ki, Ermənistanın Baş naziri belə liderlərdən deyil və Azərbaycan prezidentindən fərqli olaraq o, hakimiyyətdə olduğu qısa müddət ərzində özünü güvənilməz şəxs kimi tanıda bilib.
Məlumdur ki, özünə “DQR” deyən qurumu dünyada heç kim, hətta Ermənistan belə tanımayıb. Parlamentin iki dəfə müraciət etməsinə baxmayaraq Fransa da belə bir addımı atmağa cəsarət etməyib.
Digər tərəfdən, ötən ilin dekabrında əvvəlcə Praqada Avropa İttifaqı, Fransa və Ermənistan, sonra Soçidə Rusiya Azərbaycanın bütün ərazisində, yəni, həm də Qarabağ üzərində suverenliyini tanıdı.
Bu ərazidə xarici siyasətin yalnız Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirildiyini qəbul etdi.
Həmin günlərdə Qarabağ ermənilərini təmsil etdiyini iddia edən Ruben Vardanyan Azərbaycanın tərkibində olmayacaqlarını və “müstəqilliyi” qorumaq naminə döyüşməyə hazır olduqlarını bəyan etdi.
Bu ilin əvvəlində mətbuat konfransı keçirən N.Paşinyan xəcalət çəkmədən “Qarabağla aramızda fikir ayrılığı yoxdur”-dedi və nə qədər sürüşkən, güvənilməsi mümkün olmayan siyasətçi olduğunu bir daha nümayiş etdirdi.
Nəhayət, Ermənistan hakimiyyətinin son təxribatçı addımı- Yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın uydurma “dqr”in yeni “xarici işlər naziri” Arsen Qazaryanı bu “vəzifəyə” təyin olunması münasibətilə təbrik etməsi, “qarabağlı həmkarı ilə Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış vəziyyəti” müzakirə edib və ona “fəaliyyəti”ndə uğurlar arzulaması bu dövlətin beynəlxalq hüquqa və imzaladığı sənədlərə nə qədər etinasız yanaşdığının daha bir nümunəsidir.
Düşünürəm ki, Xarici işlər nazirliyimiz bu məsələyə kəskin reaksiya verməli, Ermənistanın beynəlxalq hüquqa zidd addımı dünya birliyinin, ilk növbədə Praqada və Soçidə Azərbaycanın suverenliyini öz imzaları ilə təsdiq etmiş nüfuzlu qurumların və dövlətlərin diqqətinə çatdırılmalıdır.
Laçın dəhlizində gömrük orqanlarımızın və sərhəd xidmətinin postlarının qurulmasını artıq ləngitmək olmaz. Bu addımlar qısa müddətdə atılmalı və hər kəsə izah olunmalıdır ki, Laçın dəhlizi eksterritorial deyil və bu barədə heç bir razılaşma, yaxud beynəlxalq konvensiya yoxdur.
Nəhayət, deməliyik ki, Ermənilərin “dəmir yumruq” istəmələri göz qabağındadır. Güman edirəm ki, Qarabağda antiterror əməliyyatı keçirməyin vaxtı artıq çatmışdır. Sadəcə olaraq bu addım son dərəcə diqqətlə hazırlanmalıdır. Elə etməliyik ki, beynəlxalq birlik, erməni dəstəkçiləri nə qədər çalışsalar da Azərbaycanın haqlı olduğunu inkar edə bilməsinlər.
Abutalıb SƏMƏDOV