Rusiya Dövlət Dumasının deputatları Qorbaçovu SSRİ-ni dağıtmaqda ittiham edib
Rusiya Dövlət Dumasının bir qrup deputatı ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edərək, Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamağı tələb ediblər.
APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bununla millət vəkilləri Mixail Qorbaçova qarşı cinayət işinin açılmasına nail olmaq niyyətindədirlər.
"Deputatlar müraciətlərində göstərirlər ki, Sovet İttifaqının vətəndaşları referendumda vahid dövlətin saxlanmasına səs versələr də, ali rəhbərliyin qanunsuz hərəkətləri ölkənin dağılmasına gətirib çıxarıb", - sənədi dərc edən "İzvestiya" qəzeti yazıb.
Bundan başqa, sorğuda qeyd olunur ki, 1991-ci il noyabrın 4-də SSRİ Baş prokurorluğu nəzdindəki dövlət təhlükəsizliyi haqqında qanunların icrasına nəzarət İdarəsi prezident Qorbaçova qarşı cinayət işi açıb. Lakin bir gün sonra son Sovet rəhbərinin təzyiqi altında SSRİ Baş prokurorluğu cinayət işinin açılması barədə qərarı ləğv edib.
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qarbaçov Rusiya Dövlət Dumasının bir qrup deputatının onunla bağlı Rusiyanın baş prokuroruna müraciət etməsinə münasibət bildirib. Modern.az saytı "İnterfaks"a istinadən xəbər verir ki, M. Qarbaçov bu addımı əsassız və ağılsız hərəkət hesab edib. Onun sözlərinə görə, bu cür çağırışlar şəxsi piar kampaniyasının elementləridir: "Bu tamamilə düşünülməmiş çağırışdır və tarixi faktlar nöqteyi-nəzərindən əsassızdır. Mən kimə mane oluram, başlayırlar mənə qarşı danışmağa. Bir müddət öncə də mənim ölüm xəbərimi yaymışdılar. Bu cür insanlarda vicdan yoxdur".