Əliyev, Ərdoğan və Paşinyan Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat yayıb.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT sammitində qonaq qismində iştirak edəcəklər: “Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir ŞƏT liderlərinin 2019-cu ildən bəri ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması olacaq”.
O da məlum olub ki, ümumilikdə, ŞƏT-in sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlətin başçısı iştirak edəcək. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon da var. Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.
Ölkəmiz ŞƏT-in üzvi olmasa da Prezident İlham Əliyevin tədbirə dəvət olunması Azərbaycana verilən önəmin göstəricisidir.
Ümumən, ŞƏT-də Azərbaycanın fəaliyyəti nə kimi perspektivlər vəd edir? Bunun Azərbaycan üçün nə kimi əhəmiyyəti olacaq?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun fikrincə, belə bir mötəbər tədbirdə Prezident İlham Əliyevin iştirakı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, ŞƏT iqtisadi baxımdan ən böyük qurumlardan biridir. Təşkilatda Çin, Rusiya kimi nəhəng ölkələr təmsil olunurlar. Xüsusən də Çin iqtisadi baxımdan çox böyük bir güc mərkəzidir. Azərbaycanla iqtisadi əməkdaşlıq çərçivəsində Çinlə əlaqələrimiz getdikcə daha da genişlənir. Digər tərəfdən, məşhur bir kəmər, bir yol nəqliyyat marşrutu Azərbaycandan keçir və ölkəmiz bu layihədə çox önəmli rol oynayır. Artıq neçə illərdir Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir. Yaxın perspektivdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması da qaçılmazdır. Bütün bunlar təbii ki, Azərbaycanın önəmini birə beş artırır. O üzdən, Azərbaycanın ŞƏT-də iştirakı böyük tranzit-nəqliyyat layihələrinin işə düşməsinə təkan verəcək. Bu da ölkəmizin nəinki regionda, dünyada əhəmiyyətini daha da artıracaq. Şərqlə Qərb arasında iqtisadi-ticarət əlaqələri daha da genişlənəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan Şərqlə Qərb və Şimalla Cənub arasında mühüm logistika mərkəzi statusuna sahibdir”.
Bütün bunlardan çıxış edən millət vəkili hesab edir ki, Azərbaycanın önəmi daha da artacaq.
Vidadi ORDAHALLI