Ermənistan Baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icması ilə görüşündə çıxışında bildirib ki, Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir:
“Ancaq onlar “Şərqi Zəngəzur” terminindən istifadə edirlər, bu isə “Qərbi Zəngəzur”un mövcudluğu deməkdir. Bütün bunlarda gizli məna var”.
Paşinyan qeyd edib ki, hansı xəritələrlə sərhədin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər var:
“Deyirlər, 1921, 1923, 1975 və ya 1969-cu il xəritələri ilə. Biz deyirik ki, demarkasiya və delimitasiya hüquqi qüvvədə olan sənədlər vasitəsilə həyata keçirilməlidir.
Azərbaycanda belə bir bəyanatlar səsləndirilir ki, hansısa ildəki xəritə təsdiqləyir ki, Zəngəzur Ermənistana qanunsuz olaraq verilib və yaxud hansısa yaşayış məntəqəsi qanunsuz olaraq Ermənistana verilib. Bu, destruktiv yanaşmadır, amma bu özü də Azərbaycanın ambisiyasını və daxili təhdidini göstərir. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsinin həllinə nail olmalıyıq, o cümlədən Qarabağ məsələsinin həllini tapmalıyıq”.
Maraqlıdır ki, Paşinyan Qarabağı unudub, indi də Qərbi Zəngəzur xofundan danışır. Bu nə anlama gəlir?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı -Xəbər” ə bildirdi ki, Paşinyanın bu cür manevr etmək cəhdləri düşdükləri vəziyyətlə bağlıdır: “Başa düşürlər ki, Azərbaycan tərəfdar olduğu bütün beynəlxalq normalara əməl edir. Bütün beynəlxalq tədbirlərdə məntiqli məsələləri qaldırırıq. Bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Həmin ərazilər, yəni Şərqi və Qərbi Zəngəzur Azərbaycan əraziləridir. Bizim tam haqqımız var ki, həmin torpaqlara iddia irəli sürək. Çünki deyilən ərazilər 100 il bundan əvvəl Rusiyanın bolşevik rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq Ermənistana verilib. Bu o qədər də uzaq keçmişi əhatə etmədiyi üçün hər kəs bilir. Bizim bu tələbimiz Ermənistana qarşı ərazi iddiası sayıla bilməz. Bunun adı bir ölkənin beynəlxalq müstəvidə qanuni haqqını tələb etməsidir. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Prezidenti 1918-20-ci illərə aid olan bir xəritə nümayiş etdirdi. Dünya tərəfindən Azərbaycanın qəbul edilmiş xəritəsidir. 1919 və 1920-ci illərdə Versal və Paris müqaviləsi zamanı nəzərə alınıb. Həmin xəritəni Azərbaycanın nümayəndə heyəti təqdim edib və 1920-ci ilin yanvarında keçirilən Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi dünya birliyi tərıfindən de-fakto tanınıb. Azərbaycan Prezidenti də dünyanın 100 il bundan qabaq tanıdığı xəritəyə istinad edir. Həmin xəritənin bərpası tarixi ədalətin təntənəsi olar. Bütün bunlar həm də Azərbaycanın gücünün və haqlı olduğunun göstəricisidir. Bu məsələdə həm beynəlxalq hüquq biz tərəfdədir, həm də Azərbaycanın artan gücü imkan verir ki, biz haqlı olduğumuzu sübut edək. Bu səbəbdən də, Paşinyanın narahatlığı üçün ciddi əsaslar var”.
Məhəmmədəli QƏRİBLİ