Paşinyan Rusiyanın adından qorxulu Qarabağ bəyanatı verdi - Rusiya XİN işə qarışmağa məcburdur...

Ramil Hüseynov: “Nikol belə təxribatçı fikirlər səsləndirməklə Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyir”

img

Ermənistanın baş naziri Nikol Paşinyan zaman-zaman Qarabağ danışıqlarının məzmununu, bununla bağlı bir sıra digər məsələləri təhrif edib. Tərəflər arasında gedən danışıqları interpretasiya edərək öz bildiyi kimi yozub.

Bu dəfə də Paşinyan, necə deyərlər, “ənənəsinə” sadiq qaldı. Söhbət  Paşinyanın Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda etdiyi çıxışdan və tədbir çərçivəsində keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlərdən gedir. Yenə də belə görüntü yaratmağa çalışdı ki, guya Ermənistan həm sülh prosesinin sürətlənməsində, həm də nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tezləşməsində maraqlıdır.

Paşinyan Vladivostokda erməni icmasının təmsilçiləri ilə görüşüb. Görüşdə yenə bir sıra məsələləri təhrif edib və bu dəfə bir az da irəli gedərək Rusiyanın adından danışıb. Görüşdə bildirib ki, bəs, Rusiya da Azərbaycanın mövqeyini bölüşmür: “Azərbaycanın mövqeyi nədir? Onlar deyirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi Bakının mövqeyilə üst-üstə düşmür. Xüsusilə Rusiya Azərbaycanın mövqeyini bölüşmür”.

Görünən odur ki, Paşinyan bu cür təxribatçı fikirlər səsləndirməklə Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq istəyir.

  • “Bütün bunlar o demək deyil ki, hazırda Rusiya Qarabağ separatçıların tərəf olmasını istəyir”

Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Paşinyanın məlum açıqlaması onun fitnəkarlığından xəbər verir: “Əvvəla, Rusiya tərəflər arasında vasitəçidir. Yaxşıdır, pisdir, tərəfkeşdir və s. bunlar ayrıca bir mövzunun söhbətidir. Ancaq kimsə Paşinyana səlahiyyət verməyib ki, vasitəçi ölkənin adından danışsın. Paşinyan yalnız təmsil etdiyi dövlətin adından danışa bilər. Nikol Rusiyada olanda erməni icması ilə keçirdiyi görüşlərdə həmin ölkənin mənafeyindən çıxış edir. Qərb ölkələrində keçirdiyi analoji görüşlərdə fərqli mövqedən çıxış edir. Moskva Azərbaycanın mövqeyini necə bölüşməyə bilər ki, Rusiya ölkəmizin ərazi bütövlüyünü tanıyır? Bəli, Rusiya postsovet məkanında bir sıra separatçı fəaliyyətləri birbaşa himayə edir. Bir vaxtlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında müstəsna rol oynayıb. Ancaq bütün bunlar o demək deyil ki, hazırda Rusiya Qarabağ separatçılarının tərəf olmasını istəyir. Rusiyanın belə bir istəyi olsaydı, o zaman Azərbaycanın İkinci Qarabağ müharibəsində uğur qazanmasına birbaşa mane olardı. Hər halda bu belə deyil. Ən azından ona görə ki, pis-yaxşı, bu ilin fevralında Rusiya ilə Azərbaycan arasında 43 bəndlik müttəfiqlik sazişi imzalanıb. Orada ərazi bütövlüyü ilə bağlı məqamlar da öz əksini tapıb. Bu baxımdan hesab edirəm ki, Nikol belə təxribatçı fikirlər səsləndirməklə Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyir. Məqsəd odur ki, Rusiya Qarabağdakı serparatçıların adından çıxış etsin”.

Partiya sədri onu da əlavə etdi ki, belə təxribatçı açıqlamaya görə Kreml Paşinyandan izahat tələb etməlidir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər