ABŞ Kiyevə qırıcı təyyarələrin verilməsi imkanını nəzərdən keçirir, lakin hələlik yekun qərar verilməyib. Bunu Pentaqonda keçirdiyi brifinqdə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul deyib.
Onun sözlərinə görə, hərbi rəhbərlik bu məsələni nəzarətdə saxlayaraq müzakirə etməkdə davam edir, lakin hələ ki, bununla bağlı yekun qərar verilməyib: “Veriləcək qərarların nəticələri analaiz edilərək hərtərəfli öyrənilir. Pentaqon Ukraynanın vəziyyətinin anlayır və onlara bütün mümkün imkanlar vasitəsilə kömək etmək niyyətindədir. Dördüncü nəsil təyyarələrə gəlincə, onlar Ukraynaya yalnız bir neçə ildən sonra verilə bilər”.
Bundan əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak deyib ki, onun ölkəsinə Amerikanın köhnə "A-10 Warthog" hücum təyyarəsi lazım deyil: "İndi köhnə silahlarla müsir texnologiyaya qarşı müharibə etmək mümkün deyil. Biz altı aydır bunu yaşayırıq. Kiyev "F-16" kimi daha müasir təyyarələr almağı gözləyir".
Bir çox nüfuzlu hərbi internet portalları hesab edir ki, Pentaqon nümayəndələri "A-10" hücum təyyarələrinin Kiyevə ötürülə biləcəyini istisna etmir.
İndiki məqamda ABŞ-ın Ukraynaya yeni nəsil qırıcı təyyarələr satması və ya verməsi mümkündürmü və bu olarsa hadisələrin gedişi necə cərəyan edər?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müasir döyüş təyyarələrinin satın alınması həddən artıq baha başa gələn bir prosesdir: “Məsələn, Bolqarıstan 2010-cu ildən başlayaraq, ABŞ-da F-16 döyüş təyyarələrinin alınması ilə bağlı ilkin razılıq əldə etmişdi. 8 ədəd təyyarənin alınması üçün 1,7 milyard dollar həcmində müqavilə imzalamışdı. Həmin müqaviləni bu ilin ilk rübündə ABŞ Senatı təsdiqlədi. Proses düz 10 il çəkdi. F-16 4-cü nəsildi və 4 funksiyanı birdən həyata keçirir. Ukraynanın belə təyyarələr istəməsi həm də siyasi mahiyyət daşıyır. ABŞ hər pulu olan ölkəyə həmin təyyarələri satmır. Məsələn, bir çox Şərqi Avropa ölkələrinə ABŞ həmin təyyarələri verməyib. ABŞ versə, bir qədər köhnə təyyarələri Ukraynaya təqdim edər. Rusiyanın müasir döyüş təyyarələri ilə ABŞ-ın köhnə qırıcıları mübarizə aparmaq əzmində deyil. Döyüş təyyarələri həm də hücum silahı hesab edilir. Müharibənin gedişində biz gördük ki, Qərb və ABŞ Rusiyanın təhdidlərini ciddiyə aldığı üçün müasir hücum silahlarını onlara vermir. Bütün bu məlumatların dövriyəyyə buraxılması siyasi manipulyasiyadır və Ukraynada ruh düşgünlüyünü aradan qaldırmaq məqsədi daşıyır. Belə hal baş verərsə, Rusiya daha ağır silahlar tətbiq etməklə ciddi fəsadlar törədə bilər”.
Məhəmmədəli QƏRİBLİ