Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş naziri Mixail Mişustinlə görüşüb. Görüşdə tərəflər bir sıra məsələləri müzakirə edib. Ermənistanın baş naziri həmkarları ilə görüşləri tez-tez yaranan çətin vəziyyətlərin idarə olunması baxımından mühüm adlandırıb. Eyni zamanda, Paşinyan qeyd edib ki, ölkələr arasında əməkdaşlıq konkret nəticələr verir. Bu kontekstdə o, ticarətin artdığını misal gətirib.
Bununla yanaşı, Paşinyan qeyd edib ki, bəzi çətinliklərə rəğmən, Ermənistanla Rusiya arasında siyasi dialoq səmərəlidir: “İrəvan və Moskva bütün çətinliklərin öhdəsindən gəlir. Ermənistan və Rusiya hakimiyyəti yüksək siyasi səviyyədə səmərəli dialoq aparır”.
Bu necə səmərəli dialoqdur ki, iki ölkə rəsmi qurumları bir-birinə nota göndərir? Bu necə səmərəli əməkdaşlıqdır ki, Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin etiraz notasına cavab versə də, cavabın mətnini yayımlamayıb? Halbuki, Rusiya səfirliyi Ermənistan XİN-ə göndərdiyi notanın hər cümləsini yayımışdı. Heç şübhəsiz, Rusiya səfirliyinin notası Paşinyanı qəzəbləndirib. Buna baxmayaraq, o, Moskvaya açıq formada etiraz etməyə cəsarət etmir.
“Nikolun Mişustinə xitab etdiyi cümlə Ermənistandakı rusiyapərəst qüvvələri sakitləşdirməyə hesablanmış siyasi bir gedişdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəlcə onu bildirmək istərdim ki, erməni siyasətçiləri Rusiya-Ermənistan münasibətlərində bugünə qədər belə arzuolunmaz söz ehtiyatları ilə zəngin notanın olmadığını dilə gətirirlər. Doğrudan da Rusiyanın Ermənistana son illərdə açıq mətnlə belə bir nota verdiyini mən də xatırlamıram. Əslində Ermənistanda vəziyyət elə bir həddədir ki, siyasi qüvvələr mövqe savaşı aparırlar. Burada Avropa tərəfdarları ilə Rusiya tərəfdarlarının bir-birilə mübarizəsi açıq müstəviyə keçib. "Surmali" ticarət mərkəzində baş vermiş yanğının elə ilk anlarında Rusiya əleyhinə təbliğat aparan "Sosna Tsrer" hərəkatı bu hadisəni Rusiyanın törətdiyi ilə bağlı yazılar dərc etməyə başladı. Məhz bundan sonra hadisələr məcrasından çıxdı, "müttəfiq" dövlətlərin münasibətlərinə sirayət etməyə başladı. Rusiya Ermənistana açıq mətnlə nota verdi. Bu hadisə Ermənistanda müxtəlif dövlətlərin təsiri altında olan qüvvələri fəal müstəvidə hərəkətə keçirdi. Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustinə xitab etdiyi cümlə Ermənistandakı rusiyapərəst qüvvələri sakitləşdirməyə hesablanmış siyasi bir gedişdir. Paşinyan hazırda odla su arasında qalıb. Ermənistan hazırda elə bir vəziyyətdədir ki, dövlətin hansı istiqamətdə idarə olunması ilə bağlı heç bir təsəvvür aydın deyil. Bir anlıq bir gəmini təsəvvür edək, o gəmi ki getdiyi yeri bilmir. Ermənistan hazırda bu vəziyyətdədir. Ermənistanda cərəyan edən prosesləri nizama salmağın yeganə yolu onun qonşu dövlətlərlə sülh rejiminə qayıtması ola bilər. Bu da o halda mümkün ola bilər ki, Rusiya Ermənistanda həqiqətən sabitliyin təmin olunmasında səmimi olsun”.
Sədr müavini onu da əlavə etdi ki, Rusiyanın sözügedən məsələdə səmimi olub-olmamasını zaman göstərəcək.
Vidadi ORDAHALLI